Sosial şəbəkədə biz:

Sahib Məmmədov: “Vətəndaşların məşğulluğu təmin olunur, amma işləmək istəmirlər, əmək haqqı aşağıdır və ya məsafə uzaqdır…”

Sahib Məmmədov: “Vətəndaşların məşğulluğu təmin olunur, amma işləmək istəmirlər, əmək haqqı aşağıdır və ya məsafə uzaqdır…”
Xəbər Şəkli
05 August 2026, 17:08
Sosial

Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı kurslarına cəlb edilmiş işsiz və işaxtaran şəxslərdən 5019 nəfəri cari il ərzində həmin kursları uğurla bitirdikdən sonra işlə təmin edilib. Bir sıra şəxslər isə kursu bitirsələr də, onlara iş verilmədiyini və ya çox aşağı maaş təklif edildiyini iddia edirlər.

 

Yaranan narazılıqlarla bağlı Pravda.az-a açıqlama verən hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, bu sahə üzrə müəyyən problemlər mövcuddur. O bildirib ki, bəzi şəxslərin məşğulluğu təmin olunsa da, onlar müəyyən səbəbdən işdən imtina edirlər: “Dövlət Məşğulluq Agentliyi aktiv məşğulluq proqramları çərçivəsində qısa müddətli peşə yönümlü kursları da təşkil edir. Həm özünün peşə təlimi mərkəzi vasitəsilə edir, həm də müvafiq hüquqi şəxslərdən satın da ala bilir. Yalnız özü ilə kifayətlənmir, özünün peşə təlim mərkəzləri vasitəsilə cəlb etdiklərindən əlavə özəl partnyorlar, hüquqi şəxsləri cəlb etməklə belə təlimlər verir. Tərəflərdən tələb budur ki, təlimlər başa çatdıqdan 90 gün sonra təlimləri başa vuranların ən az 50 faizi işlə təmin olunmalıdır. Bu da muzdlu iş ola bilər və yaxud da VÖEN açır, vergi ödəyicisi, mikro sahibkar kimi qeydiyyatdan keçir, amma o sabit qalmamalıdır, aktiv olmalıdır. Əməliyyatlar olmalıdır, xidmət göstərməlidir, sahə üzrə məşğulluğunu sübut etməlidir, dövriyyəsi olmalıdır. 100 faizə nail olmaq isə mümkün deyil. Məşğulluq agentliyi peşə təhsilini başa vuranları 100 faiz işlə təmin edə bilməz axı... Burada müəyyən çətinliklər var. Bəzən də görürsünüz ki, şəxslərin məşğulluğu təmin olunur, ancaq onlar bu və ya digər səbəbdən işləmək istəmirlər. Əmək haqqı aşağıdır və ya məsafə uzaqdır və s. deyərək imtina edirlər. Belə hallar olur, sonra da deyirlər ki, biz keçdik, ancaq iş yoxdur. Məşğulluq Agentliyi məşğulluğa dəstək verir, yəni şəxslərin işləməsi üçün səy göstərir, vakansiyaları toplayır, məlumatlar verir, şəxsləri yönləndirir və s. Agentlikdən bundan artığını da gözləmək olmaz ki, mütləq onların istədiyi, komfort olan, arzuladığı bir işi yüksək əmək haqqı ilə tapacaq... Heç bir dövlət orqanı və ya təsisatı belə bir vəd verə bilməz. İstənilən hüquqi və fiziki şəxs daxil olub proseslərdə iştirak edə bilər. Veb səhifəsinə baxılsa görünür ki, orada mütəmadi elanlar da olur. Özlərinin verdiyi peşə təlim prosesində də mən şəxsən iştirak etməmişəm, amma müşahidə etmək olar”.

 

S.Məmmədov qeyd edib ki, əhali Qarabağ bölgəsinə tədricən geri qayıdır və onların əksəriyyəti əvvəllər kolxozlarda, sovxozlarda və aqrar sektorda çalışıblar: “Qayıdanların bir çoxunun yaşı artıq pensiya yaşına çatıb, qocalıblar. Onlarda artıq peşə vərdişi yoxdur. Köçkün həyatı yaşayıblar, indi gedib kənddə yaşayacaqlar və kənd sahəsində işləmək üçün müəyyən peşələr var. Məsələn, əkinçilik, toxumçuluq, baytarlıq və s. Onlarda bu vərdiş yoxdur. Məşğulluq agentliyi də deyir ki, gəlin bu vərdişi dövlət hesabına yaradaq. İnsanların da müəyyən problemi var, tam məskunlaşmayıblar, torpaq məsələsi var. Onları da qınamıram, amma məşğulluq agentliyinin burada işi nədir? Qayıdan şəxslərin yeni məskunlaşdığı ərazilərdə uyğun peşə vərdişləri yoxdursa, o istiqamətdə ilkin köməyin göstərilməsidir və çalışılır ki, işlə də təmin edilsin. Amma buna 100 faizlik nail olmaq olmur”.

 

Hüquq müdafiəçisi vurğulayıb ki, bir çox yerlərdə maaş minimum əmək haqqından qat-qat yüksəkdir: “Minimum əmək haqqı ilə yanlız ictimai işlər növündə işsiz qalan şəxsləri dövlət vəsaiti və ya sığorta fondunun hesabına işlərə cəlb edirlər. İşsizlik müavinəti kimi bir şeydir. Amma əksər yerlərdə 400 AZN maaş yoxdur, xeyli çoxdur. Bəzi hallarda şəxslər məsafə qət etməli olurlar, bu, onlara uyğun olmur və ya şəxsi təsərrüfatları olduğu üçün onu qoyub uzağa gedib işləmək sərf etmir. İnsanlar istəyirlər ki, hər şey evlərinin yanında olsun. Onları da buna görə qınamıram. Bu da hər zaman mümkün olmur. Daha sonra da narazılıq yaranır ki, alınan maaşın yarısı yollara, yeməyə gedir və s. Belə narazılıqlar var və mümkün olanını aradan qaldırmağa çalışırlar. Hamısına nail ola bilirlərmi? Yox, təbii ki, çətindir. Problemlər var. İş yerlərinin yaradılması Məşğulluq Agentliyinin işi deyil. Yeni iş yerlərini dövlət orqanları, dövlət təsisatları yaratmalıdır. İş yeri olandan sonra şəxs deyir ki, mən burada işləmək istəyirəm, amma peşə vərdişim yoxdur. Onda deyirlər ki, gəl dövlət hesabına bu vərdişi yaradaq. Məşğulluğun funksiyası budur”.