Sosial şəbəkədə biz:

Tovuzdan yayılan görüntü şok etdi: biabırçı mənzərə

Tovuzdan yayılan görüntü şok etdi: biabırçı mənzərə
Xəbər Şəkli
16 August 2026, 09:17
Sosial

Gədəbəy rayonunda üç gün öncə yağan intensiv yağışlar Zəyəm çayında güclü daşqına səbəb olub. Çayın Tovuz rayonu ərazisindən keçən hissəsində sel suları ilə birlikdə çay yatağına atılmış məişət tullantılarının üzə çıxması ciddi narahatlıq yaradıb. Yayılmış görüntülərdə bu tullantıların sel suları ilə aşağı istiqamətə axdığı görünür. Məsələ ilə bağlı aidiyyəti qurumların, o cümlədən Tovuz və Gədəbəy Rayon İcra Hakimiyyətinin hər hansı açıqlama vermədiyi bildirilir.

Bu mənzərə isə təkcə ekoloji məsuliyyət məsələsini deyil, rayonlarda məişət tullantılarının toplanması və idarə olunması ilə bağlı problemləri də gündəmə gətirir. Bu, əksər rayonlarda rast gəlinən biabırçı mənzərədir. Çıxış yolu nədir?

Globalinfo.az-a danışan ekoloq, bioloji müxtəliflik üzrə ekspert Arzu Mustafayev deyib ki, inkişaf etmiş ölkələrdə tullantıların idarə olunması artıq yüksək səviyyədə həll edilib, iqtisadiyyatın ayrıca bir sahəsinə çevrilib və şəhər təsərrüfatının ayrılmaz hissəsi kimi fəaliyyət göstərir:

“Tullantıların təkrar emalı hesabına əldə olunan gəlirlər də milli iqtisadiyyatda müəyyən paya sahib olmağa başlayıb. Bununla yanaşı, inkişaf etməkdə olan və xüsusilə demoqrafik yükü yüksək olan ölkələrdə bu problem hələ də kifayət qədər kritikdir. Dünya okeanlarında zibil adalarının, şəhər və yaşayış məntəqələrində isə böyük tullantı yığınlarının yaranması bunun göstəricisidir. Tullantılar əsasən bərk və maye olmaqla iki qrupa bölünür. Maye tullantıların müəyyən hissəsini su hövzələrində gözəgörünməz etmək mümkün olsa da, bərk tullantılarda belə bir imkan yoxdur. Lakin dünya artıq elmi yanaşmalar əsasında tullantıların təkrar emal edilərək yenidən iqtisadiyyata qazandırılması modellərini işləyib hazırlayıb. Eyni zamanda yaşıl, tullantısız və ekoloji cəhətdən təhlükəsiz texnologiyalar vasitəsilə tullantıların həcminin minimuma endirilməsi istiqamətində ciddi işlər görülür”.