Türkiyədə çalışan azərbaycanlı həkimlərin pulları KƏSİLİR
Türkiyədə tibb sahəsində uzmanlıq təhsili alan azərbaycanlı gənc həkimlərin gələcəyi sual altına düşə bilər.
Türkiyə Böyük Millət Məclisinə (TBMM) iyulun 2-də təqdim edilən 117 nömrəli “Ali Təhsil Qanunu və bəzi qanunlarda dəyişiklik edilməsi haqqında” qanun təklifinin 1-ci maddəsində əcnəbi assistent həkimlərlə bağlı yeni tənzimləmə yer alıb.
Təklifə əsasən, xarici vətəndaş olan assistent həkimlərin çalışdıqları xəstəxanaların dövriyyə kapitalından (“döner sermaye”) əlavə ödəniş almalarının ləğvi nəzərdə tutulur.
Məsələ ilə bağlı bir sıra həkimlər etirazlarını ifadə ediblər. Uzman həkim Turanə Rəsulova bildirib ki, bu yanaşma ədalətli hesab edilə bilməz:
Həkimin sözlərinə görə, inkişaf etmiş səhiyyə sistemlərinə malik ölkələrdə eyni işi görən həkimlərin yalnız vətəndaşlığa görə fərqli rəftarla üzləşməsi qəbul edilmiş praktika deyil:
“Əməyin qarşılığı insanın pasportuna görə deyil, gördüyü işə və daşıdığı məsuliyyətə görə müəyyən edilməlidir.
Azərbaycanlı həkimlərin böyük hissəsi illərdir Türkiyədə yüksək səviyyəli tibb təhsili alaraq həm öz ölkələrinə, həm də regionun səhiyyəsinə töhfə veriblər. Bu körpünün zəifləməsi yalnız fərdi həkimlərin deyil, gələcəkdə bütövlükdə səhiyyə sistemlərinin də itirəcəyi bir məsələdir.
Qardaş ölkələr arasında münasibətləri gücləndirən ən vacib sahələrdən biri elm və təhsildir. Ümid edirəm ki, bu qərar yenidən nəzərdən keçiriləcək və milliyyətindən asılı olmayaraq eyni xidməti göstərən hər bir həkimə bərabər yanaşma prinsipi qorunacaq. Çünki tibb milliyyət tanımır”.
BakuPost