Xalq artisti “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinə müraciət etdi
Məlumat verdiyimiz kimi “Beynəlxalq Əlillər Cəmiyyəti” ictimai birliyinin (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihəsi davam edir.
Layihə ərzində öz müraciətləri əsasında müharibə əlilləri, digər əlilliyi olan şəxslər, şəhid ailələri və digər imtiyazlı qrupların, eləcə də məhbus əlillərin və onların ailə üzvlərinin sosial problemlərinin həllinə dəstək göstərilir. Bundan əlavə maarifləndirmə məqsədi ilə “Biz sizinləyik” adlı televiziya verilişləri təşkil olunur.
Layihənin icrası zamanı ictimai birliyə Xalq artisti Zemfira Nərimanova müraciət edərək bildirmişdir ki, onun yaşadığı, Nazirlər Kabinetinin qərarı ilə tarixi abidələr sırasına daxil edilən bina müəyyən səbəblərdən yarasız vəziyyətə düşüb. Layihə iştirakçıları binaya baxış keçirmişlər, tarixi binalar siyahısına daxil edilən şəhərin mərkəzində yerləşən həmin binaya həqiqətən də ciddi ziyan dəydiyinin şahidi olmuşlar. Mədəni irsimizə məxsus tarixi binanın yararsız vəziyyətə salınması hamını mütəəssir edir.
Layihə iştirakçıları birliyin adından xalqımızın sevimli Xalq artisti, istedadlı aktrisa kimi Azərbaycan mədəniyyətinə öz töhfələrini vermiş Zemfira Nərimanovanın xahişinə ictimai dəstək göstərərək Bakı Şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizova və Mədəniyyət naziri Adil Kərimliyə rəsmi məktublarla müraciət etmişdir. Ümid edirik ki, şəhərimizin gözəlliyinə gözəllik qatan mədəni irsimizin incilərindən olan tarixi binanın taleyinə aidiyyəti təşkilatlar biganə qalmayacq, lazimi köməklik göstəriləcək.