Sosial şəbəkədə biz:
"Xəzər Rayon İcra Hakimiyyəti heç bir xəbərdarlıq etmədən tikililəri sökdü"
Xəbər Şəkli

"Xəzər Rayon İcra Hakimiyyəti heç bir xəbərdarlıq etmədən tikililəri sökdü"

10 June 2026, 07:52
Sosial

Paytaxtın Xəzər rayonunda yerləşən Kəngərli Atçılıq Klubunun ərazisindəki köməkçi tikilər dağıdılıb. Sözügedən klubun direktorunun müavini Ceyhun Ağayevin iddiasına görə, təsərrüfatın istifadəsində olan yüngül konstruksiyalı tikililər Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən öncədən xəbərdarlıq edilmədən sökülüb.

Qarabağ atları üzrə mütəxəssis Yaşar Quluzadə isə deyir ki, Atçılıq klubu ərazisində xüsusilə Qarabağ və Dilboz kimi yerli at cinslərinin artırılması və təbliği istiqamətində işlər görülür. Klub yalnız təsərrüfat fəaliyyətinə deyil, eyni zamanda, atçılıq idmanının və milli atçılıq ənənələrinin inkişafına xidmət edir. Sözügedən söküntü isə aparılan bütün işlərə ziyan vurub.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrənməyə çalışdıq. İcra hakimiyyəti rəsmilərinə və qurumun elektron ünvanına yolladığımız sorğu cavabsız qaldı.

Klub tərəfi baş verən hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarının araşdırma aparmasını, dəymiş ziyanın hesablanmasını və məsul şəxslərin müəyyən edilməsini tələb edir. Onlar əllərində əraziyə aid kənd təsərrüfatı təyinatlı sənədin olduğunu da bildirdilər. Xezer.tv