Sosial şəbəkədə biz:
Yasamalda yaşayış binasında yanğın - Ölənlər var
Xəbər Şəkli

Yasamalda yaşayış binasında yanğın - Ölənlər var

22 November 2025, 09:18
Sosial

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Yanğın nəticəsində 3 nəfər həyatını itirib. 

Ölənlər 2018-ci il təvəllüdlü Qənbərli Arzu Əli qızı, 1983-cü il təvəllüdlü Məmmədov Samir Kamal oğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızıdır.

Ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, 21.11.2025-ci il tarixində saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb.

"Çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 15 nəfərə ilkin tibbi xidmət göstərilib və tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Bu ana qədər ümumilikdə 20 nəfər (5 nəfər özü müraciət etməklə) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

3 nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb", - Mərkəzdən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ehtiram Xəlilovun sözlərinə görə, yaşayış binasında yanğın binanın şaxtasında olan kommunikasiya xətlərindən başlayıb.