Sosial şəbəkədə biz:
İçtimai nəqliyyatda gəlirlərə nəzarət varmı? - TƏHLİL
Xəbər Şəkli

İçtimai nəqliyyatda gəlirlərə nəzarət varmı? - TƏHLİL

27 October 2025, 08:17
Təhlil

Vətəndaşlarımız sosial durumlarından asılı olmayaraq həmişə qiymət artımının əleyhinə çıxırlar. Halbuki bu istər-istəməz baş verməlidir. Niyə? Çünki 2019-cu ildən bəri ölkədə beş sosial islahat paketi həyata keçirilib. Sonuncu, yəni 5-ci paket bu il Prezidentin sərəncamı ilə minimum aylıq əməkhaqqı məbləğinin 1 yanvar 2025-ci il tarixdən 400 manat müəyyən edilməsilə həyata keçirilməyə başlandı. Bu addım 3 milyon insanı əhatə edib.

Əmək pensiyaları hər il olduğu kimi indeksləşdirilərək, yanvarın 1-dən yüksəldilib. Fevralın 1-dən isə minimum pensiya məbləği 14.3% qaldırılaraq 320 manat olub. Müxtəlif sosial müavinət və təqaüdlər də artırılıb. Ümumiyyətlə, 2019-cu ildən bəri, bu il də daxil olmaqla həyata keçirilən beş sosial paket nəticəsində minimum əməkhaqqı 3.1 dəfə, minimum pensiya 3 dəfəyə kimi, müavinət və təqaüdlərin həddi isə keçən ilədək 5 dəfə artıb. Dövlət büdcəsində sosialyönümlü xərclər 2.2 dəfə yüksələrək 2019-cu ildəki 7.8 milyard manatdan 16.9 milyard manata çatıb. Bütün bunlar əhalinin gəlirlərinin yüksəldib.

Bəli, o da var ki, ötən illər ərzində ölkədə inflyasiya səviyyəsi bunun real hissəsinin neçə faizini "yeyib". Amma bu müddətdə içtimai nəqliyyatda çox da qiymət artımı baş verməyib. Az-çox müəyyən keyfiyyət dəyişiklikləri isə olub. Ən azı, nəqliyyat vasitələri dəyişdirilib və təkmilləşdirilib. Bu dəyişikliklər baş verməsəydi belə, içtimai nəqliyyatdan istifadəyə tələb artıb və genişlənib. Bu davamlı xarakter daşıyır və daşıyacaq da. Ortada hələ "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" da var.

Bütün bunların müqabilində bütövlükdə nəqliyyat sektorunun və onun bir qolu olan avtobus və metro sərnişindaşımalarının da xərcləri artıb və artmaqda davam edir. Odur ki, tarif dəyişikliyi labüd idi. Sadəcə, məsələ bundadır ki, keyfiyyət dəyişikliyi üçün qiymət amili əsas şərt deyil.

Ümumiyyətlə, qəpiklərlə artım sayəsində nə içtimai nəqliyyat, nə kommunal sahədə heç bir irəliləyiş əldə etmək olmaz. Keyfiyyət dəyişikliyi üçün xərclər ciddi şəkildə optimallaşdırılmalıdır. Bunun isə iki yolu var: ya özəlləşdirmə, ya da gəlirləri nəzarətə götürmək.

Məsələn, kommunal sahədə optimal xərcləmələrə nail olmağın yeganə yolu xidmət subyektlərinin özəlləşdirilməsi, hərrac yolu ilə yerli və xarici sahibkarlara satılmasıdır. Dövlət həmin sahələrin idarə olunmasından kənara çəkilməlidir.

Nəqliyyat sektorunda isə gəlirə nəzarət gücləndirilməlidir. Müqayisə üçün qeyd edim ki, işığa və qaza görə ödənilən məbləğ müvafiq istehlak və həmçinin işıq ilə qazın dəyər səviyyəsinə əsasən həyata keçirilir. Sual edirəm: bəs misal üçün, bir nəfərin avtobusla tutaq ki, 1 kilometr məsafəyə daşınmasının maya dəyəri nə qədərdir? Eləcə də, metroda bu rəqəm hansı səviyyədədir? Ümumiyyətlə, bunu dəqiq hesablamaq mümkündürmü? O cümlədən, avtobus və metro sərnişindaşımaları üzrə bir günlük və yaxud aylıq dövriyyə - gəlir səviyyəsi müəyyən edilirmi?

Metro və avtobus parkının yenilənməsi vacibdir. Ancaq bir avtobus və bir metro qatarından sutkada əldə olunan gəlir səviyyəsinin də dəqiq məlum olması zəruri şərtdir...

Pərviz Heydərov