Sosial şəbəkədə biz:
İranla bağlı ssenarilər: tranzit, enerji və iqtisadi təhlükəsizlik
Xəbər Şəkli

İranla bağlı ssenarilər: tranzit, enerji və iqtisadi təhlükəsizlik

17 January 2026, 00:06
Araşdırma

“İranda ən təhlükəli variant vətəndaş müharibəsidir. Vətəndaş müharibəsində hərbi gücdən istifadə olunur və bu zaman parçalanma baş verir. Burada təkcə insan resursları deyil, həm də müasir texnologiyaya və hərbi texnikaya nə dərəcədə malik olmağından, eləcə də təşkilatlanmadan çox şey asılıdır”.

Bunu Meydan TV-yə siyasi şərhçi Rauf Mirqədirov son günlər qonşu İranda baş verən daxili və geosiyasi gərginliyə münasibət bildirərkən deyib.

R. Mirqədirovun sözlərinə görə, region ölkənin daxilində kürdlər, ərəblər və bəluclar kifayət qədər təşkilatlanıblar və xaricdən də yetərli dəstək ala bilərlər. O qeyd edib ki, Qərb keçmiş şahın oğlu Pəhləvini önə çəkərək İranın indiki sərhədlər daxilində saxlanılmasında maraqlıdır.

Siyasi şərhçi hesab edir ki, Azərbaycan bütün bu ssenarilərə hazır olmalı, iqtisadi və sosial baxımdan mövcud təhdid və imkanları düzgün dəyərləndirməlidir.

İrandan Azərbaycana hansı təhdidlər gələ bilər?

Qeyd edək ki, İran-Azərbaycan münasibətləri tarixi və etnik bağlarla yanaşı, iqtisadi əlaqələr baxımından da əhəmiyyətlidir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ilin 10 ayında cənub qonşumuzla ticarət dövriyyəsi 518,2 milyon dollar təşkil edib. Bu dövrdə İrandan Azərbaycana 510 milyon dollarlıq mal idxal olunub. Azərbaycanın İrana ixracı isə cəmi 8,2 milyon dollar olub. İran Azərbaycanın kərə yağı, süd və meyvə-tərəvəz məhsullarına olan tələbatının müəyyən hissəsini ödəyir. Bununla belə, Azərbaycanın İrana ixracı olduqca aşağı səviyyədədir. Əsas ixrac malları pambıq tullantıları və elektrik enerjisidir.

Bundan başqa, tranzit əlaqələrdə də İran Azərbaycan üçün mühüm tərəfdaş ölkələrdən biri sayılır. Xüsusilə İran Azərbaycanın birbaşa quru bağlantısı olmayan Naxçıvan Muxtar Respublikasının enerji təminatında və daşımalarında “həyat yolu” rolunu oynayır.

Azərbaycanın enerji təhlükəsizliyində İranın ən kritik rolu Türkmənistan qazının ölkəmizə çatdırılmasında tranzit (svop) funksiyasıdır. Məsələn, 2025-ci ilin 10 ayı ərzində Türkmənistandan Azərbaycana 230,9 milyon kubmetr təbii qaz idxal edilib. 2021-ci ildən etibarən qüvvədə olan Türkmənistan-İran-Azərbaycan üçtərəfli Saziş Azərbaycanın daxili tələbatının ödənilməsinə və Avropaya ixrac etdiyi qazın həcminin sabit saxlanılmasına kömək edir. Razılaşmaya əsasən, bu həcmin 1,5–2 milyard kubmetrədək artırılması mümkündür.

Bütün bunlarla yanaşı, Araz çayı üzərində “Xudafərin” su anbarı layihəsinin açılışı da baş tutub. Bu meqa-layihə regionun suvarma suyu və enerji təchizatı ilə təminatında mühüm rol oynayır. Eyni zamanda, Azərbaycan İran ərazisindən keçən alternativ kommunikasiya xətlərini – Araz çayı boyunca körpüləri və yolları – inkişaf etdirir. Bu yollar təkcə yüklərin deyil, gələcəkdə yeni enerji kabellərinin və boru xətlərinin də keçməsi üçün potensial marşrutdur.

Ekspertlərin fikrincə, İranda siyasi vəziyyətin gərginləşməsi iqtisadi və sosial sferada ciddi təsirlərə səbəb ola bilər. Xüsusilə ABŞ prezidenti Donald Trampın İranla ticarət əlaqələri olan ölkələrə 25 faizlik tarif tətbiq edilə biləcəyi ilə bağlı təhdidləri Azərbaycanı yeni qərarlar qəbul etməyə vadar edə bilər.

Siyasi şərhçi Rauf Mirqədirov bildirir ki, tətbiq edilə biləcək iqtisadi sanksiyaların Azərbaycana təsirləri ola bilər: 

“Azərbaycan İrandan kənd təsərrüfatı və ərzaq məhsulları alır. Bu sanksiyalar həmin sektorda qiymətlərə ciddi təsir göstərə, zəncirvari bahalaşma yarada bilər. Digər tərəfdən, Azərbaycan İrandan tranzit ölkə kimi istifadə edir. Bu da logistika sahəsində ciddi problemlərə səbəb ola bilər. Belə vəziyyətdə alternativ logistik marşrutlardan istifadə zərurəti yaranacaq ki, bu da daha qeyri-məqbul tariflərin tətbiqinə və nəticədə qiymət artımına gətirib çıxaracaq”.

Onun fikrincə, iqtisadi baxımdan müəyyən pozitiv məqamlar da mövcuddur: 

Rauf Mirqədirov, Foto: Meydan.TV

“İranla ticarət edən ölkələrə tətbiq ediləcək 25 faizlik tarif neftin qiymətinin bahalaşmasına səbəb ola bilər. Bu isə Azərbaycan üçün pozitiv məqamdır. Eyni zamanda, İrandan tranzit kimi istifadə edən Orta Asiya ölkələri və Çin dünya bazarlarına çıxmaq üçün Azərbaycandan alternativ marşrut kimi yararlana bilərlər”.

“İranda gec-tez rejim dəyişəcək. Həmin dəyişikliklərə Azərbaycan və onun müttəfiqləri də hazır olmalıdır. Çünki burada həm mövcud təhdidlərin neytrallaşdırılması, həm də yarana biləcək imkanlara hazır olmaq vacibdir”, – deyə R.Mirqədirov vurğulayır.

Siyasi şərhçinin sözlərinə görə, iqtisadi sanksiyalar müvəqqəti xarakter daşıyır:

“Onun nə qədər davam edəcəyi heç kimə məlum deyil. Əgər İranda rejim dəyişsə, sanksiyaların böyük bir hissəsi ləğv oluna bilər. Əsas məsələ – qlobal dəyişikliklər fonunda Azərbaycan özünü necə aparacaq? İranın etnik tərkibində azərbaycanlıların sayı kifayət qədər çoxdur. Onların yaşadığı bəzi ərazilərə kürdlər də iddia edir. Əgər hadisələr vətəndaş müharibəsi istiqamətində inkişaf edər, hərbi qarşıdurma və İranın parçalanması baş verərsə, Azərbaycan buna hazırdırmı? Bir tərəfdən İranın parçalanması oradakı azərbaycanlıların müstəqillik əldə etməsi üçün imkan yarada bilər. Lakin bu imkanı fürsətə çevirmək üçün Azərbaycan əvvəlcə mövcud təhdidlərin qarşısını almağa hazır olmalıdır. Bunun üçün həm siyasi, həm iqtisadi, həm də hərbi hazırlıq vacibdir. Əgər proseslər uzunmüddətli vətəndaş müharibəsinə doğru gedərsə, habelə ABŞ hərbi əməliyyatlara başlarsa, o zaman qaçqın problemi yaranacaq. Azərbaycan iqtisadiyyatının özü ağır vəziyyətdədir. Qaçqın axını iqtisadiyyat üçün əlavə çətinliklər yarada bilər. Ötən il ÜDM-də cəmi 1 faizlik artım qeydə alınıb ki, bu da faktiki olaraq resessiya deməkdir. Neftin qiyməti düşür, Hesablama Palatası qeyd edir ki, Neft Fondunun gəlirləri də azalıb. Belə bir şəraitdə İrandan 10 minlərlə, hətta yüz minlərlə qaçqının gəlməsinə Azərbaycan iqtisadiyyatı hazırdırmı? Təəssüf ki, belə situasiyaya hazır deyil. Biz kifayət qədər çevik deyilik”.

İranla ticarətdə mənfi saldo və idxaldan asılılıq

 Millət vəkili, iqtisadçı Vüqar Bayramov Facebook hesabından yazır ki, ümumi ticarət dövriyyəsinin cəmi 3 faizi Azərbaycanın İrana ixracıdır:

“2025-ci ilin ilk 10 ayında isə İran ilə olan 510 milyon dollarlıq dövriyyəmizin 502 milyon dolları cənubdan məhsul gətirmək hesabına formalaşıb. Həmin müddətdən cənub qonşumuza sadəcə 8 milyon dollarlıq məhsul ixrac edə bilmişik. Bu isə o deməkdir ki, İranla ticarətdə 502 milyon dollarlıq mənfi saldomuz yaranıb. Yəni İran Azərbaycan ilə ticarət əlaqələrindən daha çox qazanır”.

İqtisadçının fikrincə, İran ilə ticarət əlaqələrində texniki çətinliklər olarsa, bunun Azərbaycan ixracatına hər hansı xüsusi təsiri olmayacaq: 

“İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakı ticarətdə İran idxalı dominat olub. Azərbaycanın ümumi ixracatında İranın payı hətta tam rəqəmlər ilə belə ifadə olunmur. İxrac ölkəyə valyuta, idxal isə ölkədən valyuta aparır. Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir.

Əgər İranın ixrac imkanları məhdudlaşarsa o zaman cənub qonşumuzda istehsal edilən bir sıra məhsulların gətirilməsində çətinlik yarana bilər”.

Onun sözlərinə görə, idxal edilən məhsulların qiyməti müqayisəli şəkildə nisbətən aşağı olan mallardır: 

“Bu baxımdan, xüsusən də ərzaq məhsulları üzrə idxalların daha qısa zamanda diversifikasiyasına ehtiyac var.

Bütün bunlar ilə yanaşı, İrandan idxal azalacağı halda, onun Azərbaycanın istehlak bazarındakı tarazlığa da xüsusi təsiri olmayacaq. Çünki Azərbaycanın illik idxalının 3.0, ərzaq idxalının isə cəmi 2,7 faizi İranın hesabına formalaşır. Bununla belə, regionda baş verən hadisələr fonunda ərzaq məhsullarının idxal bazarlarının şaxələndirilməsi və idxaldan asılılığın minimumlaşdırılması prioritetliyini daha da artırmaqdadır”.