AQTA and içib ki, əti Azərbaycan vətəndaşının menyusundan birdəfəlik çıxaracaq
Sanki AQTA and içib ki, əti Azərbaycan vətəndaşının menyusundan birdəfəlik çıxaracaq. Qurumun idxal edilən heyvanların xüsusi nəqliyyat vasitəsilə daşınmasını tələb edən qərarı böyük narazılıqla qarşılanıb.
Sosial şəbəkə müzakirələrindən belə görünür ki, hamı bu qərarın arxasında biznes maraqlarını görür. Ehtimal budur ki, kimlərsə ölkəyə xüsusi nəqliyyat vasitələri gətiriblər və AQTA-nın əli ilə bu vasitələri dövriyyəyə buraxmaq istəyirlər.
Son 4 ildə iribuynuzlu mal-qara sayında 200 min başdan çox azalma var. Ölkə özünü ətlə tam təmin edə bilmir. Sayda azalma sürətlənib. Fərdi təsərrüfatlar bir-birinin ardınca sıradan çıxır. Yemlərin kəskin bahalaşması, otlaqların azalması da öz işini görür. İnsanların kəndlərdən uzaqlaşması sirr deyil. Bu şəraitdə heyvandarlıqla bağlı yeni hoqqalar nəyə lazımdır? “Heyvan rifahı” adı altında insanlar üçün nəfəslikləri bağlamaq doğru yol deyil...
Bizim Yol