Bakının ən bahalı ərazilərindən biri olan Nərimanovda kirayə mənzil axtaranların işi getdikcə çətinləşir. Hazırda bu ərazidə 500 manata ev tapmaq demək olar ki, mümkün deyil. Hətta 600 manatlıq mənzillərin də vəziyyəti və şəraiti heç də bu qiymətə uyğun deyil.
Son bir ay ərzində yayımlanan kirayə elanlarına nəzər saldıqda Nərimanovda 1 otaqlı mənzillərin əsasən 600 manatdan başladığı görünür. Daha aşağı qiymətə elanlara təsadüf edilsə də, onların sayı olduqca azdır və əksəriyyətində ya mənzilin sahəsi çox kiçikdir, ya da təmir və yaşayış şəraiti qənaətbəxş deyil.
Yəni Nərimanovda bir nəfərin və ya gənc ailənin büdcəyə uyğun hesab etdiyi 500 manat artıq real kirayə büdcəsi sayılmır. 600 manat isə yaxşı şəraitli ev üçün deyil, sadəcə mənzil tapmaq üçün başlanğıc məbləğə çevrilib.
2 otaqlı mənzillərdə qiymətlər daha da yüksəlir. Ən aşağı elanlar təxminən 600-650 manat civarında görünsə də, normal təmirli mənzillərin böyük hissəsi 700-800 manat və daha yuxarı qiymətə təklif olunur. Yeni tikililərdə və metroya yaxın ərazilərdə qiymət 850-1100 manata qədər qalxır.
3 otaqlı mənzillərdə isə vəziyyət daha ağırdır. Bu mənzillər əsasən 900-1000 manat və daha yuxarı qiymətə təklif edilir. Yeni tikililərdə və daha yaxşı təmirli mənzillərdə bu rəqəm 1200 manata qədər yüksəlir. Burada diqqət çəkən əsas məqam isə qiymətlə mənzilin vəziyyəti arasındakı fərqdir. Kirayəçi 600-700 manat ödəməklə mütləq şəkildə yeni, təmirli və rahat mənzil əldə etmir. Əksinə, bu qiymətə köhnə tikilidə, təmiri köhnəlmiş, sahəsi kiçik və əlavə xərc tələb edən mənzillərlə qarşılaşmaq mümkündür.
Nərimanovun qiymətlərinin yüksək olmasının əsas səbəbləri arasında metroya yaxınlıq, şəhərin mərkəzinə rahat çıxış, nəqliyyat imkanları, iş və xidmət sahələrinin çoxluğu, məktəb və digər infrastrukturların əlçatanlığı göstərilir. Bu üstünlüklər ərazidə kirayə tələbatını artırdıqca qiymətlər də aşağı düşmür. Nəticədə Nərimanovda kirayə ev axtaran şəxsin qarşısında belə bir mənzərə yaranır. 500-550 manatla seçim demək olar ki, yoxdur, 600 manatla isə əsasən kompromisə getmək lazım gəlir. Daha normal şərait üçün isə kirayəçinin aylıq büdcəsini ən azı 800-900 manata çatdırması tələb olunur.
Vaxtilə Bakının mərkəzə yaxın ərazilərində nisbətən münasib qiymətə mənzil tapmaq mümkün olduğu halda, Nərimanovda kirayə bazarı artıq orta gəlirli insanlar üçün də ciddi maliyyə yükünə çevrilib.
Bundan əlavə, Nərimanovda yüksək büdcəli kirayə mənzillərin sayı da az deyil. Ərazidə 100 kvadratmetrdən böyük, tam təmirli, geniş və lüks şəraitə malik mənzillər də təklif olunur. Belə mənzillərin aylıq kirayə haqqı əsasən 1700-2000 manat civarında dəyişir. Daha dəbdəbəli, geniş sahəli və premium təmirli mənzillərdə isə qiymət 3000 manata qədər yüksəlir.
Nərimanovda kirayə bazarında qiymət fərqi olduqca böyükdür: bir tərəfdə 600 manata belə normal şəraitli 1 otaqlı mənzil tapmaq çətinləşib, digər tərəfdə isə aylıq 2-3 min manatlıq lüks mənzillər təklif olunur. Bu isə ərazidə kirayə bazarının gəlir səviyyəsinə görə kəskin şəkildə parçalandığını göstərir./yenisabah