Deputat Ceyhun Məmmədov parlamentdəki çıxışı zamanı bir sıra təkliflərlə çıxış edib.
Deputat öncədən iş planının lehinə səs verəcəyini bildirib.
Daha sonra aşağıdakı təkliflərini səsləndirib:
“Bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev İnvestisiya Forumunda çıxışında ölkəmizdə kadr hazırlığı sahəsində görülən çox mühüm işlərdən danışdı. Peşəkar kadr hazırlığının xüsusi önəm daşıdığını vurğuladı. Bu gün dünyada baş verən proseslər təhsil sahəsində də islahatların sürətləndirilməsini və qanunvericilik bazasının təkmilləşdirilməsini, gücləndirilməsini zəruri edir. Bu baxımdan düşünürəm ki, Təhsil haqında qanuna yenidən baxılmasına, Ali Təhsil və distant təhsil haqqında Qanunun hazırlanmasına və qəbul edilməsinə xüsusi ehtiyac var. Gələcəkdə isə təhsil məcəlləsinin qəbul edilməsini təklif edirəm”.
Ceyhun Məmmədov eyni zamanda süni intellekt və sosial media haqqında ayrıca qanunun qəbulunu təklif edib:
“Bu, bir reallıqdır ki, süni intellekt sürətlə insanlarımızın həyatına daxil olmaqdadır. Müsbət tərəflərlə yanaşı, bizi dövlətçilik baxımından narahat edən xeyli məsələ var. Burada süni intellektdən düzgün isitfadə, xüsusilə təhlükəsizliklə bağlı xeyli məsələlər var. Onların nəzərə alınmasına ehtiyac var. Bu proses indidən tənzimlənməsə, gələcəkdə proseslərin qarşısını almaq çox çətin olacaq”.
Deputat daha sonra milli-mənəvi dəyərlərin qorunması ilə bağlı qanunun qəbul edilməsini təklif edib:
“Bu gün sürətli qloballaşma prosesi milli-mənəvi dəyərlərimiz üçün ciddi təhdidlər yaradır. Artıq dünyada dəyərlərin transformasiyası gedir. Bu dəyərlərin qorunması üçün hüquqi bazanın yaradılmasını təklif edirəm. Ailə dəyərlərinin qorunması ilə bağlı ayrıca qanunun hazırlanmasını təklif edirəm. Bu gün Azərbaycanda ailə dəyərləri tənəzzülə doğru gedir. Bu proseslərin qarşısının alınması əlavə qərar və qanunların qəbul edilməsinə ehtiyac var. Proseslər bu templə davam etsə, gələcəkdə Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”.
Musavat.com