Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılmaqda davam edir. Bununla bağlı Baş nazir Əli Əsədov bu gün, martın 16-da növbəti qərar imzalayıb.
Qərara əsasan, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il iyulun 1-i saat 06:00-dək uzadılıb. Bundan əvvəlki karantin rejimi aprelin 1-dək idi.
Qərarda qeyd edilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə uzadılır.
Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar davam edir. Bir sıra müxalifət təmsilçiləri pandemiyanın başa çatmasına baxmayaraq, bəzi məhdudiyyətin saxlanmasını hakimiyyətin siyasi, iqtisadi maraqları ilə izah edir. Hakimiyyət rəsmiləri isə sərhədlərdə məhdudiyyətin saxlanılmasını, əsasən, təhlükəsizlik amilləri ilə əlaqələndirilər.
Baş nazir Əli Əsədov martın 13-də Milli Məclisdə hökumətin hesabatını verərkən demişdi ki, regionda son hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir. Baş nazir bu gün verdiyi qərarda isə karantin müddətinin uzadılmasını sırf koronavirus (COVID-19) infeksiyası ilə əlaqələndirib.
2019-cu ilin sonundan dünyada yayılmağa başlayan koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020-ci il martın əvvəlindən Azərbaycanda xüsusi karantin rejimi elan edilib və həmin vaxtdan quru sərhədlər qapadılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü il mayın 5-də pandemiyanın başa çatdığını elan edib.