Sosial şəbəkədə biz:
Bakı Mühəndislik Universiteti öhdəliklərini niyə yerinə yetirmir? - ŞİKAYƏT
Xəbər Şəkli

Bakı Mühəndislik Universiteti öhdəliklərini niyə yerinə yetirmir? - ŞİKAYƏT

15 December 2025, 18:55
Cəmiyyət

Məlum olduğu kimi, Bakı Mühəndislik Universiteti 2016-cı ildən fəaliyyət göstərir. İndiyə qədər bu Universitetin iki dəfə məzun buraxılışı olub. BMU Cənubi Koreyanın  İNHA Universiteti ilə ikili diplom proqramı əsasında Azərbaycanda 4 ixtisasda təhsil verirlər. O cümlədən, uşaqlara xüsusi əlavə imtahan keçirirlər. Özü də ən yüksək bal toplayan tələbələrdən söhbət gedir. Yəni tələbə yüksək bal toplayandan sonra BMU tələbələrə ingilis daxili imtahan keçirir. İmtahandan keçənlər qəbul olunur və onlar müsabiqəsi Dövlət İmtahan Mərkəzinin ümumi ixtisas müsabiqəsindən kənar olur. Ən yüksək nəticə də bu il olub. İkinci diplom proqramını bu ildən bərpa olunub. Bircə ötən il bu proqram olmayıb. Vəd olunub ki, Dövlət Neft Fondunun və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə qəbul olunan uşaqlara 4 il təhsil verilir. Birinci kursun sonunda tələbələri 3 həftəlik Cənubi Koreyanın yay məktəbinə aparırlar. Vəd edilib ki, hər şey dövlət vəsaiti hesabına və tam təmənnasız olacaq. 4 ixtisas üzrə də hər qrupda 25 nəfər tələbə təhsil alır. Dördüncü kursdan isə tələbə bir il təhsilini Cənubi Koreyada davam etdirir. Bu il 3-cü kursdan bu tətbiq edilir. Bu, bütün tələbələrə şamil olunurdu. 

Azinforum.az-a daxil olan məlumata görə, bu ildən nəzərdə tutulanlar bütün tələbələrə şamil edilmir. Sentyabrda BMU-nun rektoru valideynlərlə görüşündə bildirib ki, bu ildən hər qrupdan cəmi 10 nəfər tələbə Cənubi Koreyaya aparılacaq. Nəticədə hər qrupda 15 tələbə bu imkandan faydalana bilməyəcək. Halbuki, əvvəlki illərdə bütün qrup uşaqlarına bu imkan yaradılırdı. 

BMU-da digər bir problem onunla əlaqədardır ki, tələbələrin sentyabr və oktyabr ayları üzrə təqaüdləri verilsə də, noyabr ayı üzrə təqaüdləri verilməyib. Bunu onunla əsaslandırırlar ki, indiyə qədər tələbələr dövlət sifarişi ilə oxuyubsunuz. Bundan sonra dövlət hesabına keçəcəyiniz üçün artıq tələbələrə təqaüd verilməyəcək. Baxmayaraq ki, bu uşaqların əksəriyyəti 200 manat əlaçı təqaüdü alırdılar. Ümumilikdə götürdükdə 4 ixtisas üzrə lələbələrin təqaüdü heç 20 min manat etmir. Məgər Neft Fondu bu qədər acizdir ki, 100 nəfər tələbənin təqaüdünü maliyyələşdirə bilmir? Halbuki, bu uşaqlar ölkənin gələcəyidir.

Məlumat üçün qeyd edək ki, Xırdalan şəhərində yerləşən BMU keçmiş Qafqaz Universitetinin bazasında yaradılıb. Tələbələr ora getmək üçün 3 avtobus dəyişir və günə minimum 5 manat xərcləyirlər. Rayondan gələn tələbələr isə kirayədə qaldıqları üçün xərcləri daha böyükdür. Pirallahıdan, Günəşlidən min bir əziyyətlə gələn tələbələr var. Rəvadırmı göz görə-görə bir belə tələbənin haqqına girmək, onları sosial sıxıntıların içinə atmaq? 

Valideynlər buna görə çox narahatdırlar. Dəfələrlə Elm və Təhsil Nazirliyinə müraciət etsələr də bir nəticə olmayıb. Aldığımız məlumata görə, bu gün nazirlik BMU ilə birgə iclas keçirsə də təqaüd məsələsinə toxunulmayıb. Nəzərə almaq lazımdır ki, BMU-da tələbələrə bütün fənlər ingilis dilində keçilir. Bir belə əziyyətin müqabilində 200 manat təqaüdü kəsmək tələbələrə böyük haqsızlıqdır. Təqaüd kəsildiyi üçün tələbələr həvəsdən düşüb. 

Məsələ ilə bağlı BMU-nun mövqeyini öyrənə bilmədik. 

VDADİ

Təqaüdün kəsilməsi ilə bağlı tələbələrin sorğusuna verilən cavab:

Təqaüd məsələsi ilə bağlı narahatlığınızı tam başa düşürük. Bildirmək istəyirik ki, mövcud qərar nə universitet, nə də İDP tərəfindən qəbul olunub. Qərar birbaşa Elm və Təhsil Nazirliyi tərəfindən verilib.

Sizinlə ilk görüşdə də qeyd olunduğu kimi, siz dövlət sifarişli (DS) kimi nəzərdə tutulmuşdunuz və qəbul prosesi də həmin qaydada aparılmışdı. Lakin universitetə qəbul olub dərslər başladıqdən sonra Nazirlik tərəfindən yeni bir qərar qəbul olunub və bu barədə bizə də yalnız təzəlikcə məlumat verilib.

Yeni qərara əsasən, ikili diplom proqramlarında təhsil alan tələbələrin statusu DS-dən DH-yə (dövlət hesablı)dəyişdirilib. Bu dəyişiklik bizim tərəfimizdən yox, birbaşa Nazirlik tərəfindən tətbiq olunub.

Bununla yanaşı, nəzərinizə çatdırmaq istəyirik ki, sentyabr və oktyabr aylarının təqaüdü artıq universitet hesabına köçürülüb və sizə ödənilib. Universitetin məqsədi heç bir tələbəni çətin vəziyyətdə qoymamaqdır və bu addım da məhz bunun üçün atılıb.

Təqaüdün sizin haqqınız olduğunu anlayırıq və sizin narahatlığınızı tam başa düşürük. İDP olaraq həm biz, həm də universitet rəhbərliyi bu məsələnin sizin xeyrinizə həll olunması üçün aktiv şəkildə çalışırıq. Xahiş edirik, bir qədər səbirli olasınız.

Bu məsələyə dair dəqiq və son məlumat gələn həftə sizə rəsmi şəkildə təqdim olunacaq.

Sizin üçün ən yaxşı həll yolunun tapılması istiqamətində çalışırıq.