Sosial şəbəkədə biz:

“Bu proses ötən qışdan başlayıb” - Vaqif Bayatlının həyat yoldaşı DANIŞDI

“Bu proses ötən qışdan başlayıb” - Vaqif Bayatlının həyat yoldaşı DANIŞDI
Xəbər Şəkli
13 October 2026, 14:31
Cəmiyyət

Növbəti müsahib tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlıdır. O, şairin səhhəti, müalicəsi, yaradıcılığa qayıdışı və qarşıdan gələn yubileyi ilə bağlı suallarımızı cavablandırıb.

– Tamam xanım, Vaqif bəyin əhvalı necədir?

– Əhvalı yaxşıdır. Siz jurnalistlər də sağ olun ki, zəng edib maraqlanırsınız. Vaqif müəllim bunu çox dəyərləndirir. Hərdən məndən soruşur ki, jurnalistlər məni unutmayıblar ki, maraqlanırlar? Deyirəm, yox, nədən danışırsan? Səni necə unudarlar? Hamı səni soruşur, sevir, şeirlərini əzbər deyir. “Facebook”da sənin haqqında yazırlar, şeirlərini paylaşırlar. Bunları eşitmək ona yaxşı təsir edir, sevinir.

– Şairimizin müalicəsi hansı mərhələdədir?

– Vaqif müəllimin həm ürəyində, həm də beynində problem var idi. Bu yaxınlarda onu yenidən müayinə üçün Türkiyəyə apardıq. Qeyd edim ki, bundan əvvəl beyin əməliyyatı da keçirmişdi. Həkimlər müayinənin nəticələrinə əsasən bildirdilər ki, damar tutulması yoxdur və vəziyyətini dərmanlarla bu cür saxlamaq mümkündür. Azərbaycana yeni qayıtmışıq.

Oktyabrın 1-də onun 78 yaşı tamam oldu. Ad gününü ailə arasında, ev şəraitində, təmtəraqsız qeyd etdik. Vaqif bəy çox xoşbəxt oldu, bu da əhvalına müsbət təsir göstərdi.

Məni ən çox sevindirən isə Vaqif müəllimin yenidən əvvəlki kimi yazmağa başlamasıdır. Yuxudan duran kimi qələmə sarılır, bəzən gecə oyanıb şeir yazır. Yəni əvvəlki vərdişləri yavaş-yavaş bərpa olunur.

Mən onun təxminən 70 şeirini ingilis dilinə tərcümə etmişəm. Daha 30 şeirini də çevirmək istəyirəm. Ümumilikdə 101 şeirini tərcümə etməyi planlaşdırıram. Vaqif Bayatlı Odər kimdir deyəndə, ilk növbədə, onun şeirləri yada düşür.

Qarşıdan şairin 80 illik yubileyi gəlir. Həmin vaxta qədər belə işlərlə məşğul olmaq, onun yaradıcılığını əhatə edən sanballı kitablar hazırlayıb oxuculara təqdim etmək lazımdır.

– Dediniz ki, Vaqif bəyin əvvəlki yazı vərdişi geri qayıdıb. Deməli, payız fəsli şairin ilham pərisini yenidən oyadıb...

– Açığını deyim ki, Vaqif müəllim əvvəldən hər gün şeir yazan insan olmayıb. Bəzən bir kitabı çapdan çıxırdı, sonra bir-iki il heç nə yazmırdı. Bu müddətdə kitabını çapa hazırlayır, şeirlərini seçir, tərtib edirdi və sair. Poetik enerjisini şeirlərə köçürdükdən sonra bir müddət fasilə verirdi. İndi isə həmin işləri mən görürəm.

Poetik enerji onun ürəyini sıxır, yatmağa qoymurdu. Bəzən gündüz mənimlə üz-üzə otururdu, amma məni görmürdü. Artıq bilirdim ki, ruhu, fikri başqa yerdədir, beynində yeni şeir yaranır. Onun ruhunun dolduğunu hiss edirdim. Belə anlarda gecə-gündüz şeir yazırdı. Sanki ruhu şeirlə yüklənirdi və bu şeirlər onun canından çıxmasa, onu sıxacaqdı.

İndi də əvvəlki kimi yazmağa başlayıb. Bu proses ötən qışdan etibarən başladı. Hazırda onu müşahidə edirəm. Gecələr yuxudan oyanıb qeyd dəftərinə şeirlər yazır. Özü nə zaman desə ki, şeirlər hazırdır, onda onları kompüterə köçürəcəyəm.   Musavat.com