Sosial şəbəkədə biz:

Hacı olmaq bizdə niyə bahadır?

Hacı olmaq bizdə niyə bahadır?
Xəbər Şəkli
26 September 2026, 09:28
Cəmiyyət

Həcc ziyarətinin qiyməti ölkələrə və seçilən xidmət paketinə görə dəyişir.

Modern.az Azərbaycan, Türkiyə, Rusiya və İranda bir nəfər üçün açıqlanan məbləğləri müqayisə edib.

Azərbaycanda bir nəfər üçün Həcc ziyarəti paketinin qiyməti ilkin olaraq ötən il olduğu kimi 6100 ABŞ dolları müəyyən edilib. Bununla belə, məbləğin müəyyən qədər artması istisna edilmir. Qafqaz Müsəlmanları İdarəsinin 2026-cı il Həcc mövsümü üçün açıqladığı qiymət də 6100 dollar olub.

Türkiyədə Diyanət İşləri Başqanlığının 2026-cı il üçün dərc etdiyi rəsmi qiymətlərə əsasən, dörd nəfərlik otaqda bir zəvvarın ziyarəti 26 min Səudiyyə riyalı, təxminən 6933 dollar təşkil edir. Üç nəfərlik otaqda məbləğ 27 750 riyal, yaxud 7400 dollar, iki nəfərlik otaqda isə 29 750 riyal, təxminən 7933 dollardır. Dollar qarşılığı hesablanarkən bir dolların 3,75 riyala bərabər olduğu məzənnə əsas götürülüb.

Rusiyada vahid Həcc paketi qiyməti yoxdur. Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Rüşan Abbyasovun açıqlamasına görə, 2026-cı ildə ziyarətin orta qiyməti 450 min rubl olub. Bu, Rusiya Mərkəzi Bankının 23 sentyabr 2026-cı il üçün açıqladığı məzənnə ilə təxminən 5353 dollara bərabərdir. Bildirilən standart paket qiymətləri isə 350–400 min rubldan, həmin məzənnə ilə təxminən 4163-4758 dollardan başlayır.

İranda Həcc və Ziyarət Təşkilatının Tehran bölməsinin məlumatına əsasən, adi ziyarət qruplarında bir nəfərlik qiymət 329-384 milyon tümən arasında dəyişir. Bu məbləğ, İran valyuta bazarında 22 sentyabr 2026-cı ildə qeydə alınmış məzənnə ilə hesablandıqda, təxminən 1411-1647 dollar edir. Xüsusi yerləşmə təklif edilən qruplarda açıqlanan 384-406 milyon tümən isə eyni hesabla təxminən 1647-1741 dollardır.

Bəs bizdə niyə bahadır? Səbəb özümüzdən qaynaqlanır, yoxsa Səudiyyə krallığından?

Deputat Ceyhun Məmmədov Musavat.com-a qeyd edib ki, Həcc ziyarətinin qiymətinə bir sıra amillər təsir edir: "Burada zəvvarların hansı oteldə, hansı şəraitdə və neçə nəfərlik otaqlarda yerləşdirilməsi, xidmət səviyyəsi və digər məsələlər nəzərə alınır. Təbii ki, bunların hər biri ölkədən ölkəyə dəyişir. Əvvəllər də bu məsələyə münasibət bildirərkən qeyd etmişdim ki, bu gün dünyada qiymət artımı müşahidə olunur. Bu, təkcə Azərbaycana xas proses deyil. Son dövrlərdə dünyanın bir çox ölkələrində, demək olar ki, bütün sahələr üzrə qiymət artımları hiss olunur. Azərbaycan da bu baxımdan istisna deyil".

Deputat hesab edir ki, Həcc ziyarəti üçün fərqli qiymət variantlarının təklif edilməsi üzərində düşünmək olar: "Əvvəllər də belə bir model mövcud idi. Məsələn, zəvvarların 4, 5 və ya 6 nəfərlik otaqlarda yerləşdirilməsindən asılı olaraq qiymətlər fərqlənirdi. Təbii ki, iki nəfərlik otaqla 4 və ya 6 nəfərlik otağın qiymətinin eyni olması mümkün deyil. Bu gün Azərbaycanda hər kəsin 6100 dollar məbləğində ödəniş etmək imkanı yoxdur. Ona görə də bir neçə qiymət paketinin təklif olunması və insanların öz maddi imkanlarına uyğun seçim etməsi məqsədəuyğun olardı. Otaqda yerləşdirilən zəvvarların sayından asılı olaraq qiymətlərin də fərqləndirilməsi mümkündür".

Onun fikrincə, Həcc ziyarətinin qiyməti ilə bağlı məsələyə yalnız Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti prizmasından yanaşmaq düzgün deyil: "Burada dünyada xidmətlərin qiymətinin artması da mühüm amildir. Bununla yanaşı, Həcc ziyarətinin daha çox insan üçün əlçatan olması məqsədilə alternativ qiymət və yerləşdirmə modellərinin tətbiqi nəzərdən keçirilə bilər. Çünki bu gün Azərbaycanda Həcc ziyarətinə getmək istəyən çoxlu sayda insan var, lakin onların heç də hamısının mövcud məbləği ödəməyə maddi imkanı çatmır. Ona görə də əsas məsələ insanların imkanlarını nəzərə alan müxtəlif variantların necə təqdim edilə biləcəyini müəyyənləşdirməkdir".