İbrahim Ləmbəranskinin prokurorluqdakı fəaliyyətinə xitam verilib
İbrahim Ləmbəranskinin prokurorluqda qulluq keçməsinə xitam verilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
53 yaşlı İbrahim Ləmbəranski 1995-ci ildən prokurorluq orqanında çalışıb. Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, Bakı şəhər Pirallahı rayon prokuroru vəzifələrini tutub. İ.Ləmbəranskinin adı bir sıra siyasi məhbus sayılan şəxslərin istintaqında keçib. O, 2012-ci ildə Quba rayonunda baş verən etirazlara görə həbs edilənlərin, habelə müxalif "NİDA" Vətəndaş Hərəkatının bəzi fəalları, hüquq müdafiəçisi Leyla Yunus və jurnalist Rauf Mirqədirovun istintaqına da rəhbərlik edib.
Məlumatda deyilir ki, İbrahim Ləmbəranskinin öz arzusuna əsasən sentyabrın 10-dan etibarən prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Yeri gəlmişkən, elə bu gün Sabunçu rayonunun sabiq prokuroru İbrahim Ləmbəranskinin Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin müşaviri təyin olunması ilə bağlı xəbər yayılmışdı.
Onun bu ilin iyununda Sabunçu rayon prokuroru vəzifəsindən azad edilərək sərəncama götürüldüyü haqda da məlumat yayılmışdı.