İlahiyyatçı: Yenidən peyğəmbər gəlməsini gözləməmliyik"
“İndiki dövrdə yenidən peyğəmbər gəlməsini gözləməmliyik. Ortada bir kitab var və insanlar bu kitaba müraciət etsələr, haqq yola çıxma göstərişlərinə əməl etsələr, əlbəttə ki, Allahdan uzaqlaşmayacaqlar. Belə halda yer üzündə haqq-ədalət bərpa olunacaq. Dində göstərilir ki, Məhəmməd Peyğəmbər sonuncu peyğəmbərdir. Ondan sonra heç bir peyğəmbər gəlməyəcək. Yeni peyğəmbərin göndəriləcəyinə dair ayə və hədis mövcud deyil. Allah belə bir vəd verməyib”.
Bu sözləri Pravda.az-a açıqlamasında AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyatçı Elvüsal Məmmədov deyib.
O bildirib ki, tarixən insanlar Allahın qoyduğu qaydalardan kənara çıxdıqda, Allaha düzgün ibadət etmədikdə, Ona yaxınlaşmağın yollarını təhrif etdikdə Allah insanlara xatırlatmaq üçün peyğəmbərlər göndərib: “Əlbəttə, həmin dövrdə peyğəmbərlərlə yanaşı yazılar, müqəddəs kitablar da göndərilirdi. Bir peyğəmbər vəfat etdikdən sonra onun qoyub getdiyi kitab, yaxud yazılar müəyyən vaxtdan sonra təhrif olunurdu. Beləliklə, insanlar Allahı qəbul etsələr də, Ona düzgün tapınmağın, ibadət etməyin yollarını təhrif etdiklərində yeni peyğəmbər və kitab göndərilməyə ehtiyac yaranırdı. Sonuncu peyğəmbər Məhəmməd Peyğəmbərin ən böyük möcüzəsi "Qurani-Kərim"dir. Yəni Allah Peyğəmbərlə yanaşı "Qurani-Kərim"i də göndərdi. Əvvəlki kitablardan fərqli olaraq "Qurani-Kərim" təhrif edilmədiyi üçün insanlar Allaha düzgün ibadət etməməyə başladıqda "Qurani-Kərim"ə müraciət etməklə düzgün ibadət formalarının, Allaha tapınma, yaxınlaşma yollarının yada salınması təmin olunurdu. Buna görə də artıq yeni peyğəmbərin göndərilməsinə ehtiyac qalmayacaqdı. Çünki ortada yazılı kitab - "Qurani-Kərim" var. "Qurani-Kərim"də insanlara nəinki Allah haqqında düzgün təsəvvür aşılanır, həm də Allaha necə yaxınlaşmağın da yolları göstərilir”.