İlham İsmayıl: “Məni heç kim həbs etməyib ki, sonra da azadlığa buraxsın”
Dələduzluq ittihamı ilə saxlanıldığı bildirilən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl məsələ ilə əlaqədar Meydan TV-yə danışıb.
“Məni heç kim həbs etməyib ki, sonra da azadlığa buraxsın. Sadəcə olaraq, oğlumla bağlı məsələ ilə əlaqədar sentyabrın 25-də Nəsimi Rayon Polis İdarəsinə çağırılmışam. İzahatım alındıqdan sonra sərbəst buraxılmışam. Bir nəfər oğluma pul göndərib ki, ona Almaniyadan maşın alıb göndərsin. Oğlum isə pulu başqa istiqamətə yönəldib və deyib ki, maşını növbəti iş zamanı göndərəcək. Sonradan oğlum bankrot olub, problem yaranıb və maşını göndərə bilməyib”, – İlham İsmayıl bildirib.
İlham İsmayılın sözlərinə görə, bundan sonra həmin şəxs hüquq-mühafizə orqanlarına şikayət edib və Azərbaycanda yaşadığına görə onun adını çəkib:
“Bu məsələyə mənim heç bir aidiyyətim yoxdur. Mənə aid olan yeganə məsələ odur ki, mən onun atasıyam. Şikayətçilər isə əlləri oğluma çatmadığı üçün adımı hallandırıblar. Heç bir ticarət fəaliyyəti ilə məşğul deyiləm, bu işin içində də olmamışam və ümumiyyətlə, bu barədə heç nə bilmirəm. Mətbuatda yazılanlara gəlincə, şikayətçi özü Unikal.az saytına şikayət edib. Onlar isə məlumatı dəqiqləşdirmədən, mənimlə əlaqə saxlamadan bu informasiyanı yayımlayıblar”.
Nəsimi Rayon Məhkəməsindən isə bildirilib ki, İlham İsmayıl barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir:
“Bildiririk ki, hüquq-mühafizə orqanlarından İlham İsmayıl barəsində hər hansı qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə heç bir material daxil olmayıb və məhkəmə bu cür tədbirlər görməyib”.