Komitə sədri: “Müştərək maliyyələşmə dövlətin vətəndaşa köməyidir”
İcbari tibbi sığorta çərçivəsində müştərək maliyyələşmə məbləği gələn il yanvarın 1-dən ödəniləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb. İndiyə qədər qüvvədə olan qanuna əsasən, müştərək maliyyələşmə məbləği bu il yanvarın 1-dən ödənilməli idi.
Qeyd edək ki, müştərək maliyyələşmə məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsidir.
Qanuna əsasən, ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə sığortaolunan müştərək maliyyələşmə məbləği ödəməlidir.
Sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
Qeyd edək ki, icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxs olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyət göstərir.
Müştərək maliyyələşmənin daha bir il təxirə salınmasının vətəndaşların sosial problemlərinin, səhiyyə xərclərinin azaldılmasında hansı rolu olacaq?
Məsələ ilə bağlı Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev “Cebheinfo.az”-a bildirib ki, icbari tibbi sığorta səhiyyə sisteminin idarə olunması, əhaliyə tibbi xidmətlər göstərilməsinin dünyada ən humanist və mükəmməl bir formasıdır:
“Azərbaycan da artıq 5 ildən çoxdur ki, icbari tibbi sığortanı tətbiq edir. Müəyyən qədər işlər görülüb, uğurlar var. Ancaq bununla yanaşı, kəm-kəsirlər də var. Hətta son dövrlər aparılan yoxlamalar da göstərdi ki, icbari tibbi sığortanın işində təkmilləşdirməni davam etdirməliyik, tam oturuşmayıb.
Müştərək maliyyələşmə əslində dövlətin vətəndaşa dəstəyidir, köməyidir. Ola bilər ki, vətəndaş icbari sığorta paketinə aid olmayan və yaxud öz istəyi ilə hər hansı müayinələrdən keçirsə, müalicə alırsa, o zaman onun bir hissəsini icbari sığorta paketi, digər hissəsini də vətəndaş özü maliyyələşdirməlidir. Ancaq burada vətəndaşın maliyyələşdirmə payı çox kiçik olur”.
Deputat bildirib ki, dünyada icbari tibbi sığorta tətbiq olunan bütün ölkələrdə bu forma var:
“Bu, həm uçotun dəqiqləşdirilməsinə müsbət təsir göstərir, həm də əlavə ehtiyac olmayan müayinə və müalicələrin, müraciətlərin qarşısını alır. Bir sistemlilik, şəffaflıq yaranır. Bu mənada müştərək maliyyələşmə lazımdır.
Ancaq hələ ki, sistem tam oturuşmadığına və icbari tibbi sığortaya vətəndaşlarımız tam uyğunlaşmadığına görə, öz ciblərindən xidmətlə bağlı hər hansı vəsait ödəməsi həm çaşqınlıq yarada bilər, həm də müəyyən bir qurup bunu anlayışla qarşılamaya bilər.
Ona görə də dövlət hələ gələn ilin yanvar ayına qədər yenə bu qaydanı saxlayır. Gələn ilə qədər də bu sahədə kifayət qədər maarifləndirmə işi aparılmalıdır.
Göstərilməlidir ki, hansı hallarda müştərək maliyyələşdirmə, gələn ildən artıq dayandırılacaq. Vətəndaşlar hansı hallarda öz cibindən əlavə vəsait ödəyəcək. İndidən sadə vətəndaş məlumatlandırılmalı, maarfləndirilməlidir. Bütövlükdə götürdükdə müştərək maliyyələşdirmə, icbari tibbi sğortanın əsas maliyyə elementlərindən biridir”.