Müəllim: “Qərbi Kaspi Universitetinin törətdiyi qanun pozuntularını hüquqi müstəviyə daşıyacağam”
Qərbi Kaspi Universitetinin müəllimi Yusif Bidan (Yusifzadə) sosial media paylaşımlarına görə işdən çıxarıldığını bildirir.
Yusif Bidan deyir ki, sentyabrın 15-də universitetdə dünya ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Üç gün sonra universitet tərəfindən ona sosial şəbəkələrdəki paylaşımları ilə əlaqədar xəbərdarlıq edilib.
Sentyabrın 18-də isə ona “WhatsApp” messenceri vasitəsilə müqaviləsinə xitam veriləcəyi mesajı göndərilib və səbəbi izah edilməyib.
“Ertəsi gün əsas binaya yollandım ki, nəyə görə işdən azad olunduğumu öyrənim. Mənə bir cümlə deyildi: rəhbərliyin qərarıdır. Yəni rektor Hüseynqulu Bağırovun göstərişi ilə işdən azad edilmişəm. Həmin gün əsas korpusda onun qəbuluna yazılmaq istədim amma suallarımı heç kim cavablandırmadı, dedilər ki, rektor bütün gün iclaslarda olacaq, sizə ayıracaq vaxtı yoxdur. Daha sonra dərs keçdiyim fakültənin dekanı mənə zəng elədi və dedi ki, analıq məzuniyyətində olan müəllim geri qayıdıb və doğuşdan dərhal sonra dərs keçmək qərarına gəlib. Ona görə bizə onu işə bərpa etməliyik. Açıq aydındır ki, bu da yalan idi. Mənim dərslərim boş keçib”.
Yusif Bidan qeyd edir ki, Qərbi Kaspi Universiteti onu əmək müqaviləsi olmadan, əmək müqaviləsi imzalamaq vədi ilə işlədib. O, məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirib:
“Fənn proqramı, sillabuslar, mühazirələr yazdırıb, mühazirələr oxudub və heç bir rəsmi səbəb göstərmədən işdən azad edib. İşdən azad olunmağımla bağlı universitetə rəsmi məktub ünvanlamışam amma cavab gəlməyib. Universitet məni istismar edib. Sosial şəbəkələrdə paylaşdığım yazılardan ötrü də işdən azad edib. Qərbi Kaspi Universitetinin törətdiyi qanun pozuntularını hüquqi müstəviyə daşıyacağam”.
Qərbi Kaspi Universitetindən deyilənlərə hələ ki, münasibət bildirilməyib. Meydan.Tv