Osman Gündüz: “Tabeçilik dəyişəndən sonra “Elektron Məhkəmə Sistemi”ndə problemlər yaranıb”
“Əl dəyişəndən sonra “Elektron Məhkəmə Sistemi” hələ də özünə gələ bilməyib. Prezidentin 20 may 2024-cü il tarixli Fərmanı ilə “Elektron Məhkəmə” informasiya sistemi üzərində sahiblik və istifadə hüquqları Ədliyyə Nazirliyindən Məhkəmə-Hüquq Şurasına ötürülüb. Zamanında Dünya Bankının ciddi dəstəyilə yaradılan bu faydalı resurs Ədliyyə Nazirliyinin balansında olduğu dövrlərdə maraqlı tərəflər üçün yetərincə əlçatan olub. Dayanıqlı və ictimai faydalı bir dövlət resursu olub. Bu resursda məhkəmə sisteminə ictimai nəzarət üçün əhəmiyyət kəsb edən ictimai-faydalı məlumatlar tapmaq olardı”.
Bunu Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz bildirib.
O qeyd edib ki, tabeçilik dəyişəndən sonra bu resursda problemlər daha çox müşahidə olunmağa başlayıb: ““Elektron məhkəmə” Ədliyyə Nazirliyindən alınıb Ali Məhkəməyə veriləndən sonrakı problemlər haqqında bir il öncə də yazmışdım. O zaman bəzi media nümayəndələrinin “Elektron məhkəmə” sistemində tətbiq edilən məhdudiyyətlə bağlı Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimova müraciəti də yayılmışdı. Sonradan bu resursun Ali Məhkəmə tərəfindən yenidən qurulması, ciddi investisiyalar yatırılması haqqında məlumatlar açıqlanmışdı. Lakin son günlər açıqlanan məlumatlardan görünür ki, bu faydalı resurs hələ də əvvəlki əlçatanlığını bərpa edə bilməyib. Xüsusən də vəkillər bununla bağlı ciddi narazılıqlarını bildirilər. Az qala iki il müddət keçməsinə baxmayaraq hələ də bu dövlət resursunun əlçatanlığı və faydalılığının bərpa olunmaması təəssüf doğurur. Xüsusən də, son dövrlərdə Prezidentin rəhbərliyilə keçirilən "rəqəmsal arxitektura" mövzusundakı müşavirədə irəli sürülən tezislər baxımından dövlətə məxsus rəqəmsal həllin belə vəziyyəti anlaşılan deyil. Həmin adı çəkilən müşavirədən dərhal sonra Prezident tərəfindən qəbul edilən sənədlərə görə, artıq "Elektron məhkəmə" mobil tətbiqinin yenilənməsi dayandırılacaq. Belə olan halda yeni komandanın bu informasiya resursuna ayıracağı resursların daha da çoxalacağını düşünmək olardı. Lakin hələlik bu gözləntilər özünü doğrultmayıb. Ümid edirəm Məhkəmə Hüquq Şurası və Ali Məhkəmə resursun bütün maraqlı tərəflər üçün əvvəlki əlçatanlığı və əhəmiyyətini bərpa edərək daha da təkmilləşdirə biləcək”.