Şair İlham Qəhrəman yazıçı Anara qalib gəldi
Azərbaycan Yazıçılar Birliyi məhkəmədə şair İlham Qəhrəmana uduzub.
Bu barədə Musavat.com-a İlham Qəhrəman məlumat verib.
O bildirib ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə görüşündə qərar elan edilib:
“Məlum oldu ki, AYB Nizamnaməsinə görə, Birlik hər hansı bir üzvünü, o cümlədən sədri hüquqi cəhətdən müdafiə etmək hüququna malik deyil. Bundan sonra hakim mənə müraciət edərək dedi ki, nə təzminat ödəməliyəm, nə üzr istəməliyəm, nə də ki, təkzib verməliyəm. Beləliklə, Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv edildi və mən qalib gəldim.
Onu da qeyd edim ki, imkanım olmadığı üçün hər iki məhkəmədə vəkilsiz iştirak etmişəm. Hesab edirəm ki, 1 ilə qədər çəkən bu məhkəmələrdə mənə irslərini topladığım Sarı Aşığın, Aşıq Alının, Eldar Baxışın və “Laçın folkloru”nu söyləyənlərin ruhları kömək oldu.
Hər iki məhkəmədə “əgər Yazıçılar Birliyinin cəmiyyətdə nüfuzu varsa, mən də bir şair kimi yaradıcılığımla və sələflərin irsini toplamaqla ona öz töhfəmi vermişəm” deyirdim. Bakı Apellyasiya Məhkəməsinin hakimlərinə işə peşəkar və ədalətli yanaşdıqları üçün təşəkkür edirəm”.
Qeyd edək ki, ötən il oktyabrın 1-də baş tutan Sabunçu Rayon Məhkəməsinin qərarı ilə AYB-nin iddiası qismən təmin olunmuşdu. Qərara əsasən, İlham Qəhrəman 500 manat məbləğində təzminat ödəməli, yazının dərc olunduğu saytda təkzib və üzr dərc edilməli, material isə saytdan silinməli idi.
Şair “Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, şərəf və ləyaqətini alçaldan yazı” ittihamı ilə məhkəməyə verilmişdi. İlham Qəhrəman bu qərardan narazı qaldığı üçün Apellyasiya Məhkəməsinə şikayət etmişdi.
Xatırladaq ki, ötən il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən ayrıldığını və qurumun mənzil təminatı ilə bağlı proseslərdə haqsızlığa məruz qaldığını açıqlamışdı. Məqalədə səsləndirilən iddialarla bağlı AYB və qurumun sədri, Xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdi.