Birinci Qarabağ müharibəsinin Göyçaydan olan şəhidi Elnur Zeynalovun valideynləri uzun illərdir mənzil problemi ilə üzləşdiklərini, aidiyyəti qurumların isə onların vəziyyəti ilə maraqlanmadığını bildirirlər.
Yeniavaz.com-a danışan şəhidin anası Bəsti Zeynalova deyir ki, bir neçə il əvvəl onlara ev tikiləcəyi barədə söz verilib, lakin indiyədək həmin ev tikilməyib:
“4-5 il əvvəl bizdən evə ehtiyacımızın olub-olmadığını soruşdular. Yad evdə yaşadığımı, 7 nəfərlik ailəmiz olduğunu bildirdim. Mənə ev tikəcəklərini dedilər. Dedilər, torpaq alın, biz evi tikəcəyik. Mən də gedib bankdan torpaq almaq üçün pul götürdüm. Hələ də banka borcum var və kredit ödəyirəm”.
Şəhid Elnur Zeynalov
Ana deyir ki, oğlu hərbi xidmət zamanı Füzuli istiqamətində radiooperator kimi xidmət edib və Əhmədbəyli, Alıxanlı, Seyidbəyli və Qaraxanlı kəndlərinin düşməndən azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib:
“Qarabağ mənim yaralı yerimdir. Ancaq bizi saymırlar. İstəyirəm bir gəlsinlər, qapımızı döysünlər, halımızı soruşsunlar”.
Bəsti Zeynalova ötən il Qarabağa səfər təşkil olunarkən ailəsinin dəvət edilmədiyini də qeyd edib.
“Keçən il iki avtobus insan yığıb apardılar oraya, amma bizə deyən olmadı ki, siz də gedin”.
Şəhidin atası Tahir Zeynalov həm də şəhid qardaşıdır.
“İki şəhid vermişəm – oğlum və qardaşım. Hər ikisi də bir qəbiristanlıqda dəfn olunub. Bu 30 il ərzində nə icradan, nə də məmurlardan kömək görmüşəm. 44 günlük müharibədə şəhid olanların ailələrinə ev tikirlər, mən isə 33 ildir gözləyirəm. Bizim ölməyimizi gözləyirlər sanki. Artıq 75 yaşım var”, - deyə şəhid atası bildirib.
Hər iki valideyn xəstə olduqlarını və müalicələri ilə bağlı da hər hansı yardım görmədiklərini deyirlər.
Şəhidin valideynləri mənzil problemlərinin həll olunmasını və aidiyyəti qurumların ailənin vəziyyəti ilə yerində maraqlanmasını istəyirlər.
Qeyd edək ki, Elnur Zeynalov 28 mart 1975-ci ildə anadan olub. O, 22 mart 1994-cü ildə Füzuli rayonunda gedən döyüşlər zamanı şəhid olub, Göyçay Şəhidlər Xiyabanında dəfn edilib.
Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab verilmədi.