Sökülən evlərə görə ödəniş artırılacaq
Sahəsi az olan evlərə verilən kompensasiyalarla bağlı xüsusi yanaşmanın tətbiqi təklif edilir.
Bu təkliflə millət vəkili Vüqar Bayramov çıxış edib. O bildirib ki, mövcud qaydalara əsasən, söküntü zamanı ev sahiblərinə dövlət büdcəsindən kompensasiya ödənilir.
Bu kompensasiya məbləği mənzilin və ya evin harada yerləşməsindən asılı olaraq müəyyənləşir – şəhərin mərkəzindəkilərə daha çox kompensasiya ödənilir.
Millət vəkili təklif edib ki, sahəsi kiçik olan mənzillərə xüsusi yanaşma tətbiq edilsin, ayrıca əmsaldan istifadə olunsun. Çünki kiçik sahəli evlərə verilən kompensasiya bir çox hallarda yeni mənzil almaq üçün kifayət etmir.
Vüqar Bayramov qeyd edib ki, paytaxtda bu il də söküntü işlərinin davam edəcəyi və daha da genişlənəcəyi gözlənilir.
Bildirək ki, hazırda paytaxtda sökülən evlərlə bağlı ev sahiblərinə müvafiq maliyyə vəsaiti ayrılsa da kiçik sahəli evlərdə yaşayanlar üçün bu, problemlər yaradır. Çünki onlar həmin məbləğə yeni ev almaqda çətinliklərlə üzləşirlər. Kiçik sahəli evlərə kompensasiya məbləği artırıla bilərmi?
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri (AQC), Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc “Cebheinfo.az”-a bildirib ki, bu istiqamətdə səslənən fikirlər mövcud problemlərlə bağlı mühüm variantlardır:
“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bir müddət əvvəl bu barədə öz mövqeyini bildirmişdi ki, kiçik sahəli evlərə təqribən 20 faiz daha çox kompensasiya verilməsi və yaxud başqa bir yerdə müvafiq mənzillər təklif olunursa, sahə etibarilə 20 faiz artıq sahənin verilməsi təqdirəlayiq olsa da, bir çox hallarda problemi tam həll etmir.
Əgər kiminsə 1 və ya 2 otaqlı evi varsa, kiçik sahəli olsa da, həmin şəxslər qeyd edilən mənzillərdə 2 kiçik otaq yaradıblar. Ehtiyacları üçün həmin kiçik otaqlardan istifadə edirlər.
Yeni tikilidə hər hansı mənzil təqdim etdikdə sahə və mənzil etibarilə əvvəlki ehtiyaclara uyğun şəkildə həmin şəxslərə müvafiq mənzillər və ya kompensasiya məbləği ayrılmalıdır. Bir çox hallarda bunu investorlar həyata keçirir və dövlət büdcəsi çox nadir hallarda tətbiq olunur.
Layihə sosial layihə kimi qəbul olunur və şəhərin mənzərəsinin tarixilik, qədimilik görünüşünü saxlamaq şərtilə yenidən qurulmasını, yeni infrastrukturun inkişaf etdirilməsini, müasir standartlara cavab verməsini özündə ehtiva edir.
Bütün bunları nəzərə alaraq həm də bir vətəndaş məmnunluğu xüsusi olaraq qeyd edilməlidir. Elə bir qaydalar nəzərə alınmalıdır ki, vətəndaşlar bu prosesdən məmnun olsun. Dövlətin məhz onların komfort şəraitdə yeni binalarda yaşaması üçün sözügedən layihələri həyata keçirdiyini qəbul etsinlər.
Bu baxımdan, müxtəlif variantlar ola bilər. Bütün hallarda kiçik sahəli evlərə kompensasiya verərək onların ev ala bilməməsi hallarının aradan qaldırılması vacib məsələlərdən biridir. Elə etmək lazımdır ki, hər bir vətəndaş aldığı kompensasiyaya əvvəllər yaşadığı əraziyə yaxın bir yerdə mənzil sahibi ola bilsinlər.
Bu istər otaq sayı hesabı olar, yaxud kompensasiyanı müəyyən əmsalla vermək prinsipi ola bilər. Əsas odur ki, vətəndaş əldə etdiyi kompensasiya məbləğinə özünə yeni, daha komfort, öz ərazisindən uzaq olmayan yerdə mənzil əldə edə bilsin”.