Sosioloq: "Oğlanlarımızın qızlar kimi geyinməsi artıq adət hal alıb"
"Bu məsələ mübahisəlidir. Azərbaycanda təəssüflər olsun ki, efirlərdə, sosial şəbəkələrdə, cinsi oriyentasiya problemləri sanki təbliğ olunur. Oğlanların qız ədalaları çıxartması, qızlar kimi geyinməsi, qız hərəkətləri etməsi artıq adət hal alıb.
Bu sözləri Demokrat.az-a açıqlamasında sosioloq Mail Yaqub deyib.
O bildirib ki, bu hal birbaşa ailə institutu ilə daban-dabana ziddir:
"Bu kimi təbliğatlar bizim ailə institutumuzu məhv eləyir və qarşısı alınmalıdır. Bu, ümumi tendensiyadır, təkcə məktəblərə aid deyil. Yəni, sırf məktəbdə qadın müəllimlərinin çox olmasının buna rəvac verməsi fikri ilə tam razılaşmıram.
Bu, sadəcə sübuta yetirilməmiş iddiadır. Amma ümumi olaraq, cəmiyyətdə, efirlərdə, sosial şəbəkələrdə bu kimi halların təbliğ olunması, təbii ki, oğlanlarda belə halların çoxalmasına səbəb olur".
Qeyd edək ki, son dövrlər məktəblərdə qadın müəllimlərin üstünlük təşkil etməsinin oğlanların tərbiyəsinə mənfi təsir göstərməsi gündəmə gətirilir.