Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə fəaliyyəti dayandırılan vəkillərin adları məlum olub
Oktyabrın 8-də Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə fəaliyyəti dayandırılan vəkillərin Ramil Litvin oğlu Rüstəmov və Zabil Köçəri oğlu Qəhrəmanov olduğu məlum olub.
Bu barədə məlumatı Meydan TV öz mənbələrindən əldə edib.
Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin ötən gün keçirilən iclasında bir sıra vəkillərlə bağlı intizam tənbehi tədbirləri görülmüşdü.
Kollegiyanın qərarı ilə yol verdikləri intizam pozuntularına görə iki vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılmış, dörd vəkilə xəbərdarlıq edilmiş, bir vəkilə isə töhmət verilmişdi.
Vəkillər Kollegiyasının açıqlamasında həmin vəkillərin adları və hansı intizam pozuntularına yol verdikləri barədə konkret məlumat verilməyib.
Fəaliyyəti dayandırılan Zabil Qəhrəmanov ictimaiyyətə daha çox Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı cinayət işində təqsirləndirilən İlkin Süleymanovun vəkili kimi tanınırdı.
Ramil Rüstəmov isə ötən ay yerli mediada həmkarı Əziz Qənbərli və Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu Robert Eyyubov barədə verdiyi açıqlamaları ilə gündəmə gəlmişdi. Sonradan o, dediklərini sosial media vasitəsi ilə təkzib etmişdi.