Xalq artisti Natiq Şirinovun vəkilindən ictimaiyyətə AÇIQLAMA
Əqli mülkiyyət hüququ xalq artistimiz hörmətli Natiq Şirinova məxsus olan “Qaval daş nağara” ilə bağlı buğun Azərbaycan Respublikası Ali Məhkəməsinin verdiyi qərarın nəticə hissəsinə və vəkil Gülşən Salmanovanın verdiyi məlumatlara istinad edilərək bir çox sosial şəbəkələrdə, internet mediasında və digər KİV orqanlarında yayılmış informasiyanın yanlış olduğunu, Natiq Şirinovun və bir çox başqa şəxsin hüquqlarını, işgüzar nüfuzunu pozduğunu bildirmək üçün bu açıqlamanı ictimaiyyətin diqqətinə çatdırmağı özümüzə borc bildik.
Bildirmək istərdim ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə Natiq Şirinovun iddiasını rədd etmiş Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək yeni qətnamə çıxarıldı və Natıq Şirinovun, cavabdehə qarşı olan iddiası qismən təmin edildi.
Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin təmin edilən hissəsi aşağıdakı kimidir:
“Cavabdeh tərəfindən iddiaçı Şirinov Natiq Bahadur oğluna məxsus “Qavaldaş nağara” əsərinin qanunsuz istifadə etməsi barədə və “Qavaldaş nağara” əsərinin iddiaçıya məxsus olması barədə təkzibin cavabdehə məxsus sosial şəbəkə hesabında verilsin. Cavabdeh yazılı şəkildə, habelə cavabdehə məxsus sosial şəbəkə hesabında iddiaçıya məxsus “Qavaldaş nağara” əsərindən qanunsuz istifadə etdiyinə görə iddiaçıdan üzr istəsin. Cavabdeh sahibliyində olan qaval daşı məhv edilsin. Cavabdeh tərəfindən qaval daşının istifadəsi ilə bağlı məlumatlar (video, foto və s.) ona məxsus sosial şəbəkə hesablarından silinsin. Cavabdeh tərəfindən iddiaçının müəlliflik hüquqlarını pozmaqla tətbiqi sənət əsərindən qanunsuz istifadə edilməsi ilə əlaqədar cavabdehdən iddiaçı Şirinov Natiq Bahadur oğlunun xeyrinə 10000 (on min) manat məbləğində mənəvi zərər tutularaq iddiaçıya ödənilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 844,9 (səkkiz yüz qırx dörd manat doxsan qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçı Şirinov Natiq Bahadur oğluna ödənilsin”.
Bu qətnamədən cavabdeh tərəf Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verdi və bu gün Ali Məhkəmə öz qərarının nəticə hissəsini elan etdi, yəni Ali Məhkəmənin qərarının tam mətni hələ hazır deyil.
Həmin nəticə hissəsində deyilir ki, “Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi qismən ləğv edildi və yeni qərar qəbul edilərək iddia rədd edildi”.
Göründüyü kimi, Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi tamamilə deyil, qismən ləğv edilib, yəni bir qımı hələ də qüvvədədir. Lakin KİV-in, cavabdehin vəkili Gülşən Salmanovanın verdiyi məlumatlara istinad edərək yaydığı məlumatda “Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsinin tamamilə ləğv edildiyi” deyilir. Bu yanlışdır.
Məlum olduğu kimi Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi Ali Məhkəmə tərəfindən qismən ləğv edilib, yəni qətnamənin bir qismi hələ də qüvvədədir. Biz hələlik, qətnamənin hansı qisminin qüvvədə qaldığını və hansı qisminin isə ləğv edildiyini tam olaraq bilmirik. Hesab edirik ki, qətnamənin Natiq Şirinovun hüquqlarının təmin olunduğu önəmli hissəsi hələ də qüvvədədir.
Bundan başqa onu da qeyd edək ki, Ali Məhkəmə bu işə yazılı icraat qaydasında baxıb. Yəni tərəflər yayılmış məlumatda deyildiyi kimi “dinlənməyib”, təkcə “yazılı sənədlərə” baxaraq öz qərarını verib. Belə olan halda hamıya aydın olur ki, yayılan məlumatda ki, “bu gün Ali Məhkəmə tərəfləri yenidən dinləyib və apellyasiya instansiyasının qərarını qanunsuz hesab edib və tamamilə ləğv edib” – ifadəsi də tamamilə yanlış məlumatdır. Çünki tərəflərin dinləndiyi belə bir məhkəmə iclası Ali Məhkəmədə keçirilməyib.
Bundan başqa yayılan məlumatda yer alan “Hakim bəyan edib ki, “qavaldaş daşı”dan istənilən nağaraçı istifadə edə bilər və bu halda “mənə məxsusdur” ifadəsi əsassız sayılmalıdır” – ifadəsi də tamamilə yanlış, eyni zamanda həm Natiq Şirinovun, həm də Hakimin hüquqlarını pozan, o cümlədən ictimaiyyəti əqli mülkiyyət hüquqlarına dair qanunvericiliyi pozmağa çağıran məlumatdır.
Hesab edirik ki, bu məlumatı KİV-ə vəkil Gülşən Salmanova verməyib. Belə ki, heç bir vəkil daha tam mətni çıxmayan bir qərarın təkcə “Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi qismən ləğv edildi və yeni qərar qəbul edilərək iddia rədd edildi” formasında olan nəticə hissəsinə baxaraq bələ bir çağırış etməz. Çünki bu açıq aydın əqli mülkiyyət hüququnun pozulmasına çağırışdır.
Bundan başqa bunu “hakim bəyan etdi” deyərək, Ali Məhkəmə hakiminin adından bunu deməsi də qəbul edilən deyil, çünki bu da ayrıca qanun pozuntusudur.
Sonda qeyd etməliyik ki, hal hazırda yayılmış məlumat həm natamam, həm yanlış, həm də Natiq Şirinovun və digər şəxslərin hüquqlarını pozan məlumatdır. Ona görə də xahiş edirik ki, həmin məlumatlar dərhal silinsin və Ali Məhkəmənin qərarının tam mətinin elan edilməsi səbirlə gözlənilsin.
Bəli Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsi qismən ləğv edilib, lakin bir qismi hələ də qüvvədədir. Biz bu qüvvəsində qalan qismini yaxın günlərdə, yəni Ali Məhkəmə öz qərarının tam mətnini elan etdiyi zaman öyrənəcəyik. Hesab edirik ki, qətnamənin Natiq Şirinovun hüquqlarının təmin olunduğu önəmli hissəsi hələ də qüvvədədir.
Ona görə də xahiş edirəm ki, heç kim, “Hakim bəyan edib ki, qavaldaşdan istənilən nağaraçı istifadə edə bilər və bu halda “mənə məxsusdur” ifadəsi əsassız sayılmalıdır” – məlumatına istinad edərək əqli mülkiyyət hüququ xalq artistimiz Natiq Şirinova məxsus olan qavaldaş nağaradan icazəsiz heç kim istifadə etməsin. Bu hüquqi məsuliyyət meydana gətirə bilər.
Hörmətlə, Vəkil Mübariz Yolçiyev