Sosial şəbəkədə biz:

Bu ay Ermənistandan yüzlərlə məhsul Aİ bazarına rüsumsuz daxil ola bilər

Bu ay Ermənistandan yüzlərlə məhsul Aİ bazarına rüsumsuz daxil ola bilər
Xəbər Şəkli
04 September 2026, 08:11
Dünya

Sentyabrın 2-də Avropa İttifaqı (Aİ) Şurası Ermənistan məhsulları üçün müvəqqəti liberal ticarət tədbirlərinə razılıq verib. Məqsəd Rusiyanın ticarət məhdudiyyətləri fonunda Ermənistan iqtisadiyyatına dəstək verməkdir.

Şuranın yaydığı press-relizdə deyilir ki, Ermənistanın Aİ-yə ixrac etdiyi məhsulların təxminən 80 faizi ticarət məhdudiyyətlərindən azad ediləcək.

Güzəştli rejimin müəyyən şərtləri olacaq, idxal Aİ istehsalçılarına mənfi təsir göstərərsə, Avropa bazarını qorumaq üçün müdafiə tədbirlərinə əl atılacaq.

Şura Avropa Komissiyasının təklifini dəyişiklik etmədən təsdiqləyib. "Azatutyun" yazır ki, Avropa Parlamenti də təklifi dəyişikliksiz qəbul edərsə, qaydalar qısa müddətdə qüvvəyə minəcək.

İrlandiyanın xarici işlər və ticarət naziri Helen Makenti Avropanın islahatlar yolu seçmiş Ermənistanın və onun xalqının yanında olduğunu bildirib: "Bugünkü qərar aydın mesaj verir: iqtisadi təzyiqlə üzləşdikdə Aİ cavab verəcək. Biz yeni imkanlar yaradacaq və tərəfdaşlarımızın yanında olacağıq".

5.4 milyon avroluq gömrük rüsumu ödənməyəcək

Ermənistandan idxal edilən geniş çeşiddə məhsullar üçün gömrük rüsumlarının müvəqqəti dayandırılması nəzərdə tutulur. Tarif kvotalarının tətbiq olunduğu bəzi kənd təsərrüfatı məhsulları da buraya daxildir.

Güzəştlər Ermənistanın Rusiyaya ixrac etdiyi təzə meyvə, tərəvəz və bitkilərin 99 faizini, içkilər və spirtli içkilərin isə 91 faizindən çoxunu əhatə edəcək.

Ümumilikdə 324 məhsul qrupu üçün sərbəst ticarət imkanı yaradılacağı qeyd olunur. Brüsselin hesablamalarına görə, Ermənistan biznesləri iki il ərzində Aİ-yə ümumilikdə 5.4 milyon avro gömrük rüsumu ödəməyəcək. Güzəştli şərtlərlə ildə 6.5 min ton xiyar, 5 min ton üzüm, 750 ton armud, 7 min ton ərik, 2 min ton albalı, 3.5 min ton şaftalı, 1.5 min ton gavalı və 2.5 min ton çiyələk ixrac etmək mümkün olacaq.

Avropa Parlamentinin sentyabr iclasında təklifi olduğu kimi qəbul edəcəyi gözlənilir. Şuranın da təsdiqindən sonra yeni qaydalar rəsmən qəbul olunacaq. Sənəd Aİ-nin Rəsmi Jurnalında dərc edildiyi gündən bir gün sonra qüvvəyə minəcək.

İyulda Ermənistanın ixracı azalıb

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen iyulun əvvəlində Yerevana səfəri zamanı Aİ-nin ciddi tənzimlənən bazarını Ermənistanın kənd təsərrüfatı məhsullarına açacağını vəd etmişdi.

Bundan əvvəl Rusiya Ermənistandan müxtəlif məhsulların idxalına qadağalar qoymağa başlayıb. Məhdudiyyətlər Yerevanın Aİ ilə yaxınlaşmaq barədə bəyanatları fonunda, parlament seçkiləri ərəfəsində tətbiq olunub.

Ermənistan hökumətinin ötən ayın sonunda açıqladığı məlumatlara görə, ölkənin ixracı iyulda da azalıb, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 16 faiz aşağı düşüb.

Baş nazir Nikol Paşinyan Rusiyanın sanksiyalarını "əsassız" adlandırıb, yerli sahibkarları Ermənistanın ixracını şaxələndirmək üçün yaranmış "fürsətdən" istifadə etməyə çağırıb. Hökumət iyun və avqust aylarında yeni ixrac bazarları tapa bilən fermerlərə və aqrar sənaye şirkətlərinə subsidiyaların verilməsini təsdiqləyib.