Gələn il hökumət yerli icra hakimiyyətləri ilə bağlı ciddi qərarlar verə bilər. Artıq 2027-ci ilin dövlət büdcəsinin ilkin göstəricilərindən görünür ki, şəhər və rayonların yerli xərclərinin qarşılanması üçün ayrılan dotasiyaların tamamilə dayandırılması nəzərdə tutulub.
Milli Məclisə təqdim olunan “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən, təxminən 66 şəhər və rayonun yerli xərclərini öz gəlirləri hesabına qarşılaması gözlənilir.
Hələlik Maliyyə Nazirliyinin ictimaiyyətə təqdim etdiyi büdcə məlumatlarında yerli xərclərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsinin dayandırılması ilə bağlı hər hansı izah verilməyib. İndiyədək bəzi rayon və şəhərlər yerli xərclərini öz gəlirləri hesabına ödəyə bilirdi. Lakin bunun yerdə qalan bütün bölgələrə şamil edilməsi ictimai müzakirələrə səbəb olub. Sosial mediada aparılan müzakirələrdə büdcəsində kəsiri olan rayon və şəhərlərin bu itkini nəyin hesabına örtəcəyi sual doğurur.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının büdcəsinin də 2026-cı illə müqayisədə 6,4 faiz və ya 13,6 milyon manat azaldılması nəzərdə tutulur. 2027-ci ildə dövlət büdcəsindən Muxtar Respublikaya 198 milyon manat dotasiya ayrılması gözlənilir. Bununla Naxçıvana dövlət büdcəsindən ayrılan dotasiyanın son illərin ən aşağı səviyyəsinə düşəcəyini söyləmək olar. Qeyd edək ki, Muxtar Respublikanın ən yüksək dotasiya aldığı il 2023-cü il olub və həmin il Naxçıvana 480,9 milyon manat ayrılıb. Son beş ilin göstəriciləri ilə müqayisədə dotasiyanın təxminən 2,4 dəfə azalacağı görünür.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2022-ci il dekabrın 21-də istefa verməsindən sonra bölgədə geniş struktur və idarəetmə dəyişiklikləri aparıldı. Regionun bir çox qurumu ləğv edildi. Nəticədə 2024-cü ildən etibarən Naxçıvanın mərkəzi büdcədən asılılığı nisbətən azaldı və dotasiyaların məbləği ildən-ilə aşağı salındı.
İqtisadçıların fikrincə, büdcədə yerli xərclərlə bağlı belə kəskin dəyişikliklər və maliyyə ixtisarları gələn il yerli icra hakimiyyətlərinin ləğv oluna biləcəyi ehtimalını artırır.
Artıq işğaldan azad edilmiş ərazilərdə prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi təcrübəsi mövcuddur. Həmin dövrdə bu təcrübənin uğurlu olacağı təqdirdə ölkə üzrə də tətbiq edilə biləcəyi müzakirə olunurdu. Sonradan yerli icra hakimiyyətlərinin ləğvi ilə bağlı fikirlər hökumətyönlü mediada da yer almağa başladı.
Yerli icra hakimiyyəti sisteminin ləğvi üçün ilk növbədə referendum keçirilməli və ölkə Konstitusiyasına dəyişiklik edilməlidir.
2027-ci ilin büdcə zərfi ictimaiyyətə tam açıqlanmadığına görə hələlik Mərkəzi Seçki Komissiyasının xərcləri barədə məlumatlar əlçatan deyil. Buna görə də büdcə göstəriciləri əsasında gələn il hər hansı seçkinin keçirilib-keçirilməyəcəyi ilə bağlı dəqiq nəticəyə gəlmək çətindir.
Bununla belə, “Report”un məlumatına görə, gələn il seçki və statistika tədbirləri üzrə xərclərin artması gözlənilir. Hökumətyönlü mediada yayılan məlumatlara əsasən, bu məqsəd üçün dövlət büdcəsindən 36 milyon manat ayrılması proqnozlaşdırılır. Bu, 2026-cı il üçün təsdiq edilmiş proqnozla müqayisədə 9,5 faiz çoxdur.
İqtisadçılar bu artımı birbaşa seçkilərlə əlaqələndirməyə tələsmirlər. Prezident gələn il əməkhaqları və pensiyaların artırılacağını bəyan edib. Bu baxımdan, seçki və statistika tədbirləri üzrə xərclərin artmasının əməkhaqqı fondundakı dəyişikliklərlə də əlaqəli olması istisna edilmir.
2027-ci ilin büdcəsində diqqət çəkən məqamlardan biri də yerli özünüidarəetmə orqanlarına ayrılan vəsaitlərin ardıcıl üçüncü ildir ki, dəyişməz qalmasıdır.
Belə ki, gələn il də bələdiyyələrə ayrılması nəzərdə tutulan vəsaitin ümumi məbləği 9,05 milyon manat təşkil edəcək. Büdcə layihəsinə əsasən, yerli özünüidarəetmə orqanlarına 7,5 milyon manat dotasiya, 1,55 milyon manat isə subvensiya ayrılacaq. Bu məbləğlər 2025-ci və 2026-cı illərdə bələdiyyələr üçün nəzərdə tutulan vəsaitlərlə eynidir.
Qeyd edək ki, 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində proqnozlaşdırılır.
Büdcə xərclərinin 62,3 faizinin cari xərclərə, 32,5 faizinin investisiyalara, 5,2 faizinin isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilməsi nəzərdə tutulur.