Əkrəm İmamoğluna 2 min ildən çox həbs cəzası istənilib
Noyabrın 11-də Türkiyədə prokuror İstanbul Böyük Şəhər Bələdiyyəsinin həbsdə olan keçmiş sədri Əkrəm İmamoğluna 2 min ildən çox həbs cəzası tələb edib. O, dövlətə milyardlarla lirə zərər vurduğu iddia edilən genişmiqyaslı korrupsiya şəbəkəsinə rəhbərlikdə suçlanır. "Reuters" xəbəri əldə etdiyi ittiham aktına əsasən yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın əsas siyasi rəqibi sayılan İmamoğlu indiyədək bütün ittihamları rədd edib, onları siyasi motivli adlandırıb. Onun təmsil olunduğu müxalif, amma son bələdiyyə seçkilərində ən çox səs qazanan Cümhuriyyət Xalq Partiyası (CHP) son iddiaların "cəfəngiyat" olduğunu bildirir.
İstanbul baş prokuroru Akın Gürlək mətbuat konfransında ittiham aktını açıqlayıb. Sənəddə 402 nəfərin, o cümlədən Ə.İmamoğlunun adının yer aldığını, onların cinayətkar təşkilat yaratmaqda, rüşvət, dələduzluq və tender pozuntularında ittiham olunduğunu deyib. Gürlək şəbəkənin 10 il ərzində Türkiyəyə 160 milyard lirə (3.8 milyard dollar) zərər vurduğunu iddia edib.
CHP-nin İstanbul təşkilatının rəhbəri Özgür Çelik X platformasında yazıb ki, ittiham aktı "mənasız" və "utancvericidir". Onun sözlərinə görə, məqsəd İmamoğlunun Türkiyə prezidenti olmaq ümidlərini məhv etməkdir.
İstanbul bələdiyyəsi, İmamoğlunun vəkilləri mətbuatın şərh sorğularına cavab verməyiblər.
Bu arada İstanbul prokuroru Ali Məhkəmədən CHP-nin bağlanmasını istəyib. Prokurorluq müraciətində partiyanın qanunsuz vəsaitlərlə maliyyələşdirildiyini iddia edib, onu qanunazidd hərəkətlərdə günahlandırıb.