Sosial şəbəkədə biz:
Rusiyada kommunal sektor çökür
Xəbər Şəkli

Rusiyada kommunal sektor çökür

14 February 2026, 10:51
Dünya

Rusiyanın İrkutsk vilayətinin Bodaybo şəhərində qışın ən sərt dövründə baş verən kommunal qəza minlərlə sakini çətin vəziyyətdə qoyub. 

Əhalisi təxminən 12 min nəfər olan və ölkənin əsas qızıl hasilatı mərkəzlərindən sayılan şəhərdə yanvarın sonunda mərkəzi su xəttinin donması nəticəsində yüzlərlə mənzil istiliksiz qalıb.

Yerli hakimiyyət problemi qısa müddətdə həll edəcəyini vəd etsə də, hazırda yalnız bir neçə evin “qismən” istilik sisteminə qoşulduğu bildirilir. Bu müddətdə sakinlər qohumlarının və qonşularının evlərinə köçərək bir otaqda bir neçə ailə birlikdə yaşamağa məcbur olub, evləri soba və “burjuika” tipli qurğularla qızdırmağa çalışıblar.

Məlumata görə, 27 yanvar 2026-cı ildə mərkəzi su kəməri donub, nəticədə dörd istilik mənbəyinin fəaliyyəti dayanıb. Ümumilikdə 141 yaşayış binası və təxminən 1500 nəfər istilik və isti sudan məhrum olub. Həmçinin iki məktəb də fəaliyyətini dayandırmalı olub.

Vilayət rəhbərliyi qəzanın səbəbini “-40 dərəcəyə çatan güclü şaxtalar”la izah edib. Lakin yerli sakinlər infrastrukturun köhnə və baxımsız olduğunu bildirirlər. Onların sözlərinə görə, istilik sisteminin yenilənməsi ilə bağlı vədlər hələ 2015-ci ildən verilsə də, layihə tamamlanmayıb.

Bodaybo uzun illərdir Rusiyanın əsas qızıl hasilatı mərkəzlərindən biri hesab olunur. 2025-ci ildə rayon üzrə 21,276 ton qızıl hasil edildiyi və bu göstəricinin əvvəlki illə müqayisədə 11,6% artdığı bildirilir.

Sakinlər isə bildirirlər ki, əldə olunan gəlirlər Moskvaya yönəlir, şəhərin özü isə xroniki büdcə kəsiri ilə üzləşir. 2026-cı il üçün Bodaybo bələdiyyəsinin gəlirləri 372,6 milyon rubl, xərcləri isə 397,3 milyon rubl səviyyəsində proqnozlaşdırılıb. Büdcə kəsiri 24,7 milyon rubl təşkil edir.

Şəhər meri Yevgeni Yumaşev teleqram kanalında etiraf edib ki, bələdiyyə mənzil fondu tükənib və insanlar hətta yaşayış üçün yararsız binalara yerləşdirilir. O, elektrik şəbəkələrinin artıq yükləndiyini və əlavə qəzalar riskinin artdığını bildirib.

İrkutsk vilayətinin qubernatoru İqor Kobzev hadisədən yalnız 11 gün sonra – fevralın 6-da şəhərə gəlib. Fövqəladə vəziyyət rejimi isə fevralın 7-də elan olunub. Fevralın 11-nə olan məlumata görə, cəmi 18 ev istilik sisteminə qoşulub, 123 ev isə hələ də istiliksiz qalıb.

Bu arada Rusiya İstintaq Komitəsi şəhər administrasiyasında və “Teplovodokanal” kommunal müəssisəsində axtarışlara başladığını açıqlayıb. Səhlənkarlıq və təhlükəsiz olmayan xidmət göstərilməsi ilə bağlı cinayət işləri açılıb.

Araşdırmalara görə, 2026-cı ilin yanvarında Rusiya üzrə elektrik, istilik və su kəsintiləri ilə bağlı 1788 hadisə qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə demək olar iki dəfə çoxdur. Ekspertlər kommunal şəbəkələrin 40-80% arasında köhnəldiyini bildirirlər.

Rəsmi statistikaya əsasən, 2024-cü ildə istilik xətlərinin üçdə biri kritik aşınma həddinə çatıb. Eyni zamanda, 2025-ci ildə Rusiyanın federal büdcəsində müdafiə xərcləri 13 trilyon rubldan çox olduğu halda, mənzil-kommunal təsərrüfatına ayrılan vəsait 1,7-1,8 trilyon rubl səviyyəsində olub. 2024-cü ildə bu sahəyə ayrılan 886 milyard rubl vəsait 2025-ci ildə 43% azaldılaraq 506 milyarda endirilib, 2026-cı ildə isə daha 25% azalma planlaşdırılır.

Ekspertlərin fikrincə, kommunal infrastrukturun planlı modernizasiyasından uzun illər imtina edilməsi və büdcə prioritetlərinin dəyişməsi nəticəsində regionlarda bu tip qəzalar daha tez-tez baş verir. Onların hesablamalarına görə, ölkə üzrə istilik xətlərinin aşınma səviyyəsini 70%-dən 40%-ə endirmək üçün təxminən 20 trilyon rubl vəsait tələb olunur.

Bodayboda isə sakinlər hələ də şaxtalı otaqlarda növbəti istilik dalğasını gözləyirlər.

“AzPolitika.info”