Zelenski: ABŞ Donbasın əvəzində təhlükəsizlik zəmanətləri təklif edir
ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti qarşılığında qoşunlarını Donbasdan çıxarmaq şərti qoyub. Bunu Ukrayna prezidenti Volodimir Zelenski "Reuters"ə müsahibəsində deyib.
Zelenskinin sözlərinə görə, qoşunların çıxarılması Ukraynanın və Avropanın təhlükəsizliyinə təhdid yaradacaq, çünki bu halda Rusiya regionda möhkəmləndirilmiş müdafiə mövqeləri əldə edəcək.
Ukrayna prezidenti hazırda ABŞ-nin diqqətinin İranla münaqişəyə yönəldiyini də qeyd edib.
"Yaxın Şərq, şübhəsiz, prezident Trampa, onun gələcək addımlarına təsir göstərir. Təəssüf ki, fikrimcə, prezident Tramp, əvvəlki kimi, Ukrayna tərəfinə təzyiqi artırmaq strategiyasını seçir", –Zelenski bildirib.
Ukrayna prezidenti yanvarda deyirdi ki, Kiyevin ərazilərlə bağlı mövqeyinin dəyişməyib, kompromislər qarşılıqlı olmalıdır. Onun sözlərinə görə, ABŞ ilə ikitərəfli təhlükəsizlik zəmanətləri "100 faiz hazırdır" və Kiyev onların imzalanmasını gözləyir.
ABŞ-nin belə bir şərt irəli sürə biləcəyi haqda "The Financial Times" daha öncə mənbələrə istinadla yazmışdı. Qəzetin mənbələrinə görə, Ukrayna qoşunları çıxarılarsa, Vaşinqton sülh dövründə Ukrayna Silahlı Qüvvələrinə silah təchizatını artırmağa hazırdır. Ancaq ABŞ-nin hər hansı rəsmi öhdəlik götürüb-götürməyəcəyi aydın olmurdu.