“Azərbaycanda qiymətlər 16-17 faiz artıb”
“Bu gün orta hesabla qiymət artımı keçən illə müqayisədə 16–17 faiz təşkil edib. Bu da hökumətin təqdim etdiyi rəqəmdən iki dəfə yüksəkdir”.
Bunu Meydan TV-yə açıqlamasında kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib.
Onun sözlərinə görə, son bir ildə mal ətinin qiyməti 14 manat 50 qəpikdən 17-17 manat 50 qəpiyə qədər bahalaşıb. Son bir ildə mal ətində təxminən 20 faizdən çox artım müşahidə olunur. Quzu ətinin qiyməti isə 17 manatdan 25 manata qədər yüksəlib. Qoyun ətində isə bahalaşma 30 faizdən çoxdur.
Keçən illə müqayisədə südün qiyməti 2 manat 30-2 manat 40 qəpik aralığından 2 manat 70-2 manat 80 qəpiyə qədər artıb. Yəni bu qida məhsulunda təxminən 20 faiz bahalaşma müşahidə edilir.
“Meyvə-tərəvəzin qiymətlərində də artımlar müşahidə olunur. Mövsümlə əlaqədar olaraq hazırda soğanın qiymətində müəyyən azalma var, lakin sonradan xeyli bahalaşması gözlənilir.
Yer kökünün qiyməti 15 faiz, badımcan və lobya isə iki dəfə bahalaşıb. Kartofun qiyməti keçən illə müqayisədə bir qədər artıb”, – deyə V.Məhərrəmov qeyd edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin sentyabr ayında inflyasiya ötən ilin müvafiq ayına nisbətən 5,7 faiz təşkil edib. Qiymət artımı qida, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,9 faiz, qeyri-qida məhsulları üzrə 2,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 5,3 faiz olub.
2025-ci ilin yanvar-sentyabr aylarında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə qiymət artımı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz təşkil edib.
Cari ilin sentyabr ayında bir sıra qida məhsullarında daha çox bahalaşma müşahidə olunub. Belə ki, mal və qoyun əti, balıq və balıq məhsulları, yumurta, xama, kəsmik, kərə yağı, armud, şaftalı, qoz, fındıq, ağ kələm, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, yaşıl lobya, süfrə çuğunduru, yerkökü, sarımsaq, kartof, qara və yaşıl çay məhsullarının qiymətləri artıb. Ucuzlaşma isə limon, banan, alma, üzüm və soğanın qiymətlərində qeydə alınıb.
Qeyri-qida məhsullarında inflyasiya ötən ilin sentyabr ayına nisbətən 0,5 faiz olub. Yanvar–sentyabr aylarında bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artıb.
Vahid Məhərrəmov bildirir ki, son 5–6 il ərzində hökumət inflyasiyanın səviyyəsini aşağı göstərməyə çalışır:
“Bunu süni şəkildə, manipulyasiya edərək aşağı salırlar. Yəni bütün ölkə üzrə monitorinq aparmırlar. Bir neçə market və bazarda qiymətlərin enməsi-artmasını müşahidə edib, hansı məhsulda aylıq qiymət artımının nə qədər olduğunu müəyyən edib bildirirlər. Burada bir nüans var. Əksər supermarketlərdə ayda iki dəfə endirim olur. Bu endirimlər çox cüzi olur və həmin endirilən qiymətlər nəzərə alınsın deyə tətbiq edilir. Yəni bu, hökumətin xüsusi tapşırığı ilə edilir. Onlar istəmirlər ki, inflyasiya səviyyəsi yüksək görünsün. Çünki inflyasiya səviyyəsi artdıqca əməkhaqlarını, pensiyaları və digər xərcləri artırmaq məcburiyyətində qalacaqlar. Ona görə də bu üsulla çalışırlar ki, inflyasiyanın səviyyəsini aşağı göstərsinlər. Digər tərəfdən, yalnız bazarlardakı və marketlərdəki qiymət endirimləri ilə deyil, həm də Statistika Komitəsinin özü də çalışır ki, bu rəqəm aşağı göstərilsin. Çünki belə tapşırıq gəlir”.
Ekspertin fikrincə, Azərbaycanda birmənalı olaraq, bir malın qiyməti artırıldıqda, bu, zəncirvari olaraq xidmət sektoruna da təsir göstərir:
“Yanacağın və gediş haqqının qiyməti artanda kənd təsərrüfatı məhsullarının qiyməti də yüksəlir. Çünki istehsalçılar həm də istehlakçılardır. Əgər istehlakçının xərci qiymət artımı səbəbindən artırsa, o da istehsal etdiyi məhsulun qiymətini artırmalıdır ki, bu fərqi kompensasiya edə bilsin. Azərbaycanda bazar iqtisadiyyatının normal fəaliyyətinə imkan verilmir. Bazarda qiymətləri artıranlar əsasən monopolistlərdir. Onlar hiss edirlər ki, hansısa malın çatışmazlığı səbəbindən qiymətlər yüksəlir və bundan yararlanırlar. Belə ki, bazarda həmin məhsulların yekunlaşmasını və qiymətlərin daha da bahalaşmasını gözləyirlər. Sonra isə xaricdən gətirdikləri məhsulları bazarda daha yüksək qiymətə təqdim edirlər.
Daxildə hansı məhsul az istehsal olunursa, monopolistlər onu topdan alıb anbarlara yığırlar və bir müddət sonra yüksək qiymətə təklif edirlər. Beləliklə, bazar öz funksiyasını itirir, monopolistlər qiymətləri artırıb endirirlər. Məsələn, bu il daha çox pomidor istehsal olunub. Monopolist başa düşür ki, pomidoru uzun müddət saxlamaq mümkün deyil, ona görə onu almadılar. Nəticədə daxili bazarda pomidorun qiyməti kəskin şəkildə aşağı düşdü”.
Qeyd edək ki, Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) hesablanarkən 566 məhsul və xidmət növü üzrə toplanmış qiymət məlumatlarından istifadə edilir. Bu məhsul və xidmət növlərinin sayı ilbəil artır.
Qonşu Gürcüstanda həmin inflyasiya səbətinə 305, Türkiyədə isə 406 mal və xidmət daxildir. Ekspertlərin fikrincə, inflyasiya hesablanması üçün təsdiq olunmuş beynəlxalq metodologiyadan istifadə etməyən ölkələrdə inflyasiya səviyyəsini müqayisə etmək xeyli dərəcədə problemli olur. Müqayisə üçün, Avropa Birliyinə üzv ölkələr vahid metodologiyadan – Harmonised Index of Consumer Prices (HICP) istifadə edirlər. Həmin metodologiyada həlledici amillərdən biri vahid qiymət səbətindən istifadədir. Bu indeksə əsasən qiymət müşahidələri 306 qida və qeyri-qida mal və xidmətlər üzrə aparılır. Lakin ayrı-ayrı Avropa ölkələri fərqli sayda inflyasiya səbətindən istifadə edərək daha çox mal və xidmət növünü daxil edirlər. HICP metodologiyası sadəcə Avropa məkanındakı inflyasiya strategiyasını müəyyənləşdirmək üçün vacib sayılır.
Ekspertlərin fikrincə, inflyasiyanın reallığı onun mal və xidmət sayından çox, onların cəmiyyətin real xərclərini və qiymət dəyişikliklərini nə qədər düzgün əks etdirməsindən asılıdır.
Çox mal və xidmət növü həmişə “daha dəqiq” demək deyil, çünki hər birinin çəkisi kiçik olanda statistik səs artır. Məsələn, mal sayı az olduqda və səbət daha vacib məhsul və xidmətləri əhatə etdikdə, qiymət sıçrayışları inflyasiya göstəricisinə ciddi təsir göstərir. Əksinə, mal və xidmət sayı çox olduqda və səbət hər il vacib istehlak elementlərinə görə yenilənmirsə, köhnə səbətdəki məhsul və xidmətlərin qiymət dəyişiklikləri ümumi inflyasiyanı aşağı sala bilər. Daha az istifadə olunan mal və xidmətlərin qiymətlərində sabit dəyişiklik real inflyasiyanı aşağı göstərə bilər.
Bu baxımdan Avropa İttifaqının HICP ekspertləri bildirirlər ki, istehlak səbətində 300-350 əsas məhsul və xidmət tipi kifayət edir, çünki bu, əhalinin 90–95 faizlik istehlak strukturunu əhatə edir.