Sosial şəbəkədə biz:
Beynəlxalq Valyuta Fondu: “Subsidiyalar azaldılmalı, vergi güzəştlərinə yenidən baxılmalıdır”
Xəbər Şəkli

Beynəlxalq Valyuta Fondu: “Subsidiyalar azaldılmalı, vergi güzəştlərinə yenidən baxılmalıdır”

21 February 2026, 10:39
Gündəm

“Neft hasilatının azalması səbəbindən ticarət profisitinin azalacağı və xarici mövqeyin zəifləyəcəyi gözlənilir”.

Bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycan üzrə missiyasının məlumatında bildirilir.

Bununla belə, BVF cari hesab balansının 2026–2027-ci illərdə də müsbət qalacağını proqnozlaşdırır. Sənəddə qeyd olunur ki, Mərkəzi Bank və ARDNF-nin ehtiyatları artmağa davam edəcək, lakin bu artım daha yavaş templə gedəcək. Eyni zamanda, risklər ümumilikdə balanslaşdırılsa da, xarici qeyri-müəyyənliklər hələ də yüksək olaraq qalır.

Fondun mütəxəssisləri tövsiyə edirlər ki, dövlət müəssisələrinin rentabelliyi artırılmalı, subsidiyalar azaldılmalı və vergi güzəştlərinə yenidən baxılmalıdır. BVF hesab edir ki, vergi güzəştlərinin optimallaşdırılması (rasionallaşdırmaq) və vergi inzibatçılığının gücləndirilməsi dövlət maliyyəsinin dayanıqlığını təmin etmək üçün əsas prioritetlərdir.

Fondun qiymətləndirməsinə görə, Azərbaycan iqtisadiyyatı qeyri-neft sektorunun dəstəyi ilə mülayim artım tempini qoruyur. Bununla belə, neft hasilatındakı dəyişkənlik və xarici risklər iqtisadi perspektivlər üçün əsas çağırış olaraq qalır.

Sənəddə vurğulanır ki, inflyasiyanın əvvəlki illərə nisbətən sabitləşdiyi bildirilsə də, qiymət sabitliyinin qorunması üçün ehtiyatlı pul siyasətinin davam etdirilməsi tövsiyə olunur:

“Karbohidrogen hasilatının azalması və qiymətlərinin düşməsi səbəbindən qeyri-neft sektorunda da artım yavaşlayıb. Ümumilikdə, real ÜDM 2024-cü ildəki 4,2 faizdən 1,4 faizə qədər aşağı düşüb”.

Həmçinin sənəddə qeyd olunur ki, özəl sektorun maliyyəyə çıxışını artırmaq üçün kapital bazarlarının dərinləşdirilməsi, insan kapitalına investisiyalar vasitəsilə əmək məhsuldarlığının artırılması və əmək bazarının qeyri-rəsmi fəaliyyətinin aradan qaldırılması vacibdir.

BVF 2026-cı il üçün Azərbaycan üzrə proqnozlarında ÜDM artımını 2,1% səviyyəsində müəyyən edib. ÜDM-nin neft-qaz sektorunda 2% azalma, qeyri-neft sektorunda isə 3,7% artım proqnozlaşdırılır.

Fond Azərbaycanda cari ildə orta illik inflyasiyanın 5,2% olacağını qeyd edib.