Dövlət sektorunda çalışanların sayı azalır
Ötən il dövlət sektorunda çalışan işçilərin sayı 17 min nəfər azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2026-cı il yanvarın 1-nə dövlət sektorunda muzdla işləyənlərin sayı 865,8 min nəfər olub. Bu, 2024-cü illə müqayisədə 2 faiz azalma deməkdir.
Özəl sektorda isə çalışanların sayı 5,2 faiz artaraq 942,2 min nəfərə çatıb.
Ümumilikdə, ötən il ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,8 milyon nəfər olub ki, bu da 2024-cü illə müqayisədə 1,7 faiz artım deməkdir.
DSK-nın statistikasına əsasən, ötən il yeni iş yerlərinin sayı 29,5 min nəfər artıb. Lakin əvvəlki illərlə müqayisədə yeni açılan iş yerlərinin sayında azalma tendensiyası müşahidə olunur. Belə ki, 2024-cü ildə yeni açılan iş yerlərinin sayı 37,5 min təşkil edib.
“Statkom”un məlumatına görə, muzdla işləyənlərin 18,6 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 18,1 faizi təhsil, 13,8 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,2 faizi isə dövlət idarəetməsi və müdafiə sahələrində məşğul olub.
2024-cü illə müqayisədə təhsil, kənd təsərrüfatı və dövlət idarəetməsi sahələrində çalışanların sayında azalma qeydə alınıb.
Bundan əlavə, komitənin məlumatına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı əvvəlki illə müqayisədə 9,3 faiz artıb və 1102,9 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.