Sosial şəbəkədə biz:
Güney Azərbaycanda “Kürd muxtariyyatı”: Türkiyə ciddi narahatdır
Xəbər Şəkli

Güney Azərbaycanda “Kürd muxtariyyatı”: Türkiyə ciddi narahatdır

15 March 2026, 08:54
Gündəm

İraq Kürdüstanında fəaliyyət göstərən bir sıra təşkilatlar İsraildən Güney Azərbaycan üzərində uçuşlara qapalı bölgə yaratmasını xahiş ediblər. “İran Kürdüstanı Koalisiyası” adlanan ittifaqın rəhbərlərindən olan Xalid Əzizi deyib ki, onlar Güney Azərbaycan ərazisinə müdaxilə etməyə siyasi və hərbi cəhətdən hazırdırlar.

“İran Kürdüstanı Koalisiyası”na bu qüvvələr daxildir:
• Kürdüstan Azad Həyat Partiyası (PJAK)
• İran Kürdüstan Demokrat Partiyası (KDP-İ)
• Kürdüstan Azadlıq Partiyası (PAK)
• Kürdüstan Zəhmətkeşlər Birliyi (KOMALA)
• İran Kürdüstanı Mübarizə Təşkilatı (Sazmani-Xebat).

“Türkiyə” qəzeti yazır ki, bu təşkilatların İsraildən Güney Azərbaycan üzərində uçuşlara qapalı bölgə (no-fly zone) yaratmaq xahişlərində məqsəd Türkiyənin mümkün raket və dron zərbələrindən qorunmaqdır. KOMALA-nın rəhbəri Rza Kaabi ancaq bundan sonra İranın ərazisinə daxil ola biləcəklərini deyib.

O xatırladıb ki,1991-ci il müharibəsi zamanı ABŞ ilə Fransanın İraqın şimalında uçuşlara qapalı bölgə yaratmaları sayəsində bugünkü Kürd muxtariyyatının qurulması mümkün olmuşdu. Belə bir zona İran ərazisində də yaradılmalıdır.

Qeyd edək ki, söhbət 36-cı paraleldən şimalda uçuşların qadağan olunduğu zonanın yaradılmasından gedir. Məhz bu müdafiə çətirinin sayəsində İraqda Kürd muxtariyyatının yaradılması mümkün olmuş və Qəndil PKK-nın mərkəzinə çevrilmişdi.

Eyni siyasət Suriyada da tətbiq olunmuş, ölkənin şimalında ABŞ-nin dəstəyi ilə Rojava muxtar kürd bölgəsi yaradılmışdı. Rəsmi məqsəd kimi ondan İŞİD-ə qarşı istifadə etmək göstərilirdi. Amma 2015-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan heç vaxt bölgədə Kürd dövlətinin yaradılmasına imkan verməyəcəyini bildirərək, Rojavaya qarşı təzyiqləri artırdı.

Yaxın Şərqdə kürdlər yaşayan ərazilər

2026-cı ildə Dəməşq ərəb qəbilələrinin köməyilə Rojavanın böyük hissəsini nəzarətə götürdü. Razılaşma nəticəsində kürdlər hərbi-siyasi muxtariyyatdan imtina edərək, etnomədəni hüquqlar aldılar. Hərçənd, de-fakto muxtariyyat hələ də davam edir. Suriya kürdlərinin İraqdakı kimi muxtariyyat yaratmaq iddiaları da yerində qalır.

İndi isə kürdlər İranda da Türkiyə ilə sərhəd ərazilərdə “Rojhilat” adlı kürd muxtariyyatının yaradılması iddiasındadırlar. Təbii ki, ABŞ və İsrailin dəstəyinə ümid edərək.

Kürdüstan Azadlıq Partiyasının (PAK) sözcüsü Xəlil Nadiri “Əl Cəzirə” kanalına müsahibəsində bildirib ki, “İranda onminlərlə adamımız var. Müharibəyə qoşulmaq üçün şərtlərimizdən biri uçuşlara bağlı bölgənin yaradılmasıdır”.

Hazırda kürdlərin Güney Azərbaycan ərazisində muxtariyyat yaratmaq ehtimalı Türkiyəni ciddi narahat edir. Azərbaycanın da bu məsələyə həssas yanaşması lazımdır. Çünki belə planlar Güneydə yaşayan soydaşlarımız üçün təhdidlər yarada bilər.
AzVision.az