“İranda hakimiyyət dəyişikliyi prosesi artıq başlayıb” - Tofiq Zülfüqarov
“Hadisələri təhlil edərkən İrana qarşı irəli sürülən 4 tələbi əsas götürməliyik. Bunlardan birinci nüvə proqramının və ikinci ballistik raketlərin istehsalının dayandırılmasıdıdır ki, bu şərtlər de-fakto həyata keçirilib”.
Bu sözləri “Yeni Sabah”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Onun sözlərinə görə, ABŞ və İsrail İranın başlıca hərbi obyektlərini sıradan çıxarıb:
“Həm nüvə silahının, həm də ballistik raketlərin istehsalı texnoloji baxımdan çox mürəkkəb prosesdir. Onları tamamlamaq üçün bir neçə müəssisələr olmalıdır. ABŞ və İsrailin hava zərbələri nəticəsində belə müəssisələrin bir çox dağıdılıb. Yaxın gələcəkdə İran üçün nə nüvə silahının, nə də ballistik raketlərin istehsalı mümkün olacaq.
Üçüncü şərt - “Müqavimət cəbhəsi” ardıcıl şəkildə darmadağın edilib. Tehran Suriyada olan dayaqlarını itirib. Həmçinin Livanda “Hizbullah”ın zəiflədilməsini müşahidi edirik.
Sonuncu, yəni dördüncü şərt İranda hakimiyyətin dəyişdirilməsidir".
Politoloq vurğulayıb ki, İranda hakimiyyət dəyişikliyi tədricən və uzunmüddətli perspektivdə mümkündür:
"Artıq bu proses də başlayıb. Buna qarşı çıxan İran siyasi elitasının böyük bir hissəsi artıq hava zərbələri ilə məhv edilib. İstər-istəməz hakimiyyətə təzə şəxslərin gəlməsi qaçılmazdır. Həyata keçirilən hava zərbələrinin dəqiq şəkildə yerinə yetirilməsi təkcə kəşfiyyatın yaxşı olmasından irəli gəlmir. İran siyasi elitasının daxilindən hansısa şəkildə məlumatlar İsrailə, yaxud ABŞ-yə çatdırılır. Bu da onu göstərir ki, ABŞ və İsrail İranın istənilən nöqtəsinə zərbə endirə bilər.
İranda siyasi strukturun dəyişməsi prosesi başlayıb. Bəllidir ki, bu proses qısa müddətdə baş verməyəcək. Hərbi əməliyyatların dayandırılmasına gəlincə, düşünürəm ki, bu, qısa zamanda baş verə bilər. Artıq mütəmadi hava hücumlarının həyata keçirilməsi o qədər də vacib deyil”.
T.Zülfüqarovun fikrincə, regionda baş verən hadisələr bölgə ölkələri, o cümlədən Azərbaycan üçün xoşagəlməzdir:
“Azərbaycan bu proseslədə təmkinli və diqqətli olmalıdır. Qonşu ölkədə bu hadisələrin baş verməsi, təbii ki, üzücüdür. İstənilən şəraitdə günahsız, mülki insanların həlak olması region üçün neqativ haldır”.