Sosial şəbəkədə biz:
İsrail və ABŞ İrana zərbələr endirir
Xəbər Şəkli

İsrail və ABŞ İrana zərbələr endirir

28 February 2026, 12:17
Gündəm

ABŞ İranda böyük döyüş əməliyyatlarına başlayıb. Bunu ABŞ prezidenti Donald Tramp Truth sosial şəbəkəsində yazıb. İsrail isə fevralın 28-də İrana “qabaqlayıcı zərbə” endirdiyini bildirib.

“İsral dövləti özünə təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı hücuma başlayıb”, – müdafiə naziri İsrael Kats bildirib.

ABŞ-nin iki yüksək rütbəli rəsmisi AzadlıqRAdiosuna Amerikanın İrana hərbi zərbələr endirdiyini təsdiqləyib.

Tehranın mərkəzində partlayışlar baş verdiyi bildirilir. Sosial mediada yayılan foto və videolarda şəhərin üzərində tüstü qalxdığı görünür.

İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı Fars xəbər agentliyi bildirir ki, Daneşgah (Universiteti) və Cümhuri (Respublika) küçələrinə “bir neçə raket” düşüb.

İtkilər barədə məlumat yoxdur.

Tehranda partlayış

SEPAH-a yaxın Tasnim agentliyi İranın hava məkanının bağlandığını xəbər verir.

İsrail Müdafiə Qüvvələri (SAXAL) bildirir ki, sakinlərə mühafizə olunan ərazilərin yaxınlığında qalmaq üçün təlimat verilib.

Bu həftə Cenevrədə ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu başa çatıb. Növbəti raundun gələn həftə Vyanada keçiriləcəyi açıqlanıb.

Vaşinqton bu müddətdə hərbi qüvvələrini regiona cəmləyib. Dünyada ən böyük təyyarədaşıyan USS Gerald R. Ford gəmisinin fevralın 27-də İsrailə çatacağı gözlənirdi.

“Reuters” İsrailin müdafiə rəsmisinə istinadla zərbələrin Vaşinqtonla koordinasiya olunduğunu yazır.