Neftin ucuzlaşması nəticəsində gəlirlər 665 milyon dollar azalıb
Yanvar ayında Azərbaycanın ixrac etdiyi neftin bir barelinin orta satış qiyməti 64 dollar təşkil edib. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına əsasən, Azərbaycan neftini ötən ilin yanvar ayı ilə müqayisədə 15 faiz daha ucuz satıb. Belə ki, ötən ilin yanvarında ixrac olunan xam neftin bir barelinin qiyməti 75 dollar olub.
Qeyd edək ki, 2026-cı il üçün Azərbaycan dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar səviyyəsində götürülüb. Bu isə o deməkdir ki, mövcud qiymətlər icmal və dövlət büdcəsinin ilin ilk ayı üzrə gəlirlərində müəyyən risklər yarada bilər. İqtisadçıların fikrincə, yaranacaq kəsirin kompensasiya edilməsi üçün növbəti aylarda və rüblərdə “qara qızıl”ın qiyməti 65 dollar/bareldən yuxarı olmalıdır. Maliyyə Nazirliyinin açıqlamasına görə, neftin qiymətinin hər barel üzrə 1 dollar dəyişməsi ölkənin illik gəlirlərinə təxminən 200-250 milyon ABŞ dolları həcmində təsir göstərir. Növbəti aylarda qiymətlər bərpa olunmazsa, büdcə daxilolmalarında ciddi kəsir yarana bilər. Hazırda dünya birjalarında mart-aprel ayları üzrə müqavilələrdə neftin qiyməti 71 dollar/barel həddinə yüksəlməyə başlayıb. Lakin proqnozlara görə, ilin sonuna kimi qiymətlər 60-65 dollar civarına qədər düşəcək.
Ölkənin neft ixracında yaranmış problem yalnız qiymətlərlə bağlı deyil. Habelə 2026-cı ilin yanvarında bu məhsulun ixrac həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz azalıb. DGK-nin məlumatına əsasən, hesabat ayında 2,6 milyon ton (19,4 milyon barel) “qara qızıl” ixrac edilib.
Türkiyənin “BOTAŞ” şirkətinin məlumatına görə, cari ilin yanvarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə daşınan neftin həcmi 16,1 milyon barel təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz azalma deməkdir.
“BOTAŞ” və Dövlət Gömrük Komitəsinin statistik göstəricilərinin müqayisəli təhlili göstərir ki, Azərbaycan digər marşrutlar vasitəsilə təxminən 3 milyon barel neft satışı həyata keçirib. Lakin alternativ marşrutlar üzrə statistika ictimaiyyətə tam şəkildə açıqlanmır.
Ümumilikdə, həm ixrac həcminin azalması, həm də qiymətlərin ucuzlaşması yanvar ayı üzrə gəlirlərin əvvəlki ilin eyni dövrü ilə müqayisədə 665 milyon dollar və ya 35 faiz azalmasına səbəb olub. Belə ki, sözügedən məhsulun satışından əldə olunan gəlir yanvar ayında 1,2 milyard dollar təşkil edib.
Xatırladaq ki, cari ilin ilk ayında Azərbaycan 11 ölkəyə neft ixrac edib. Hesabat dövründə Azərbaycan neftini ən yüksək qiymətə alan ölkə Tunis olub. Bu ölkəyə bir barel neft təxminən 65,7 dollara satılıb. Ən aşağı satış qiyməti isə İndoneziya bazarında qeydə alınıb – 63,2 dollar.
Azərbaycan neftini ən çox alan ölkələr üzrə qiymətlər isə belə olub: İtaliya – 63,6 dollar, Bolqarıstan – 65 dollar, Rumıniya- 64,8 dollar, Almaniya 64,6 – dollar. Türkiyəyə isə neft 63,8 dollara satılıb.