Sosial şəbəkədə biz:

Jurnalistə türmədən çıxmağa imkan vermədilər

16 January 2018, 12:46
Gündəm
Həbsdə olan azel.tv saytının təsisçisi redaktoru Əfqan Sadıqova qarşı yeni cinayət işi açılıb. “Turan” xatırladır ki, Azel.tv saytının təsisçisi və redaktoru Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O, icra hakimiyyətinin binasında qadını vurmaqda ittiham olunub. O, 2017-ci il yanvarın 12-də 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır xəsarət yetirmə) maddə ilə mühakimə olunub. Amma noyabrın 7-də Ali Məhkəmə ittihamı 127.1-ci (sağlamlığa həyat üçün təhlükəli olmayan az ağır xəsarət yetirmə) maddəyə tövsif edib və həbs cəzasını 1 il yarıma endirib. İndi, cəza müddətinin başa çatmasına üç ay qalmış onun həbs müddəti uzadıla bilər. 147.2-ci (ağır cinayət törətmək barədə böhtan) maddə ilə onu 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Yaxınları hesab edirlər ki, jurnalist rayonda hüquq pozuntuları barəsində tənqidi məqalələrinə görə həbs olunub.