Azərbaycanda 2026-cı ilin ilk 5 ayı üçün nikaha daxilolma və boşanma statistikası açıqlanıb. Belə ki, ilk 5 ay üçün 15 107 nikaha daxilolma və 8087 boşanma qeydə alınıb. Bu hesabla il ərzində ən yaxşı halda 36,3 min nikah, 19,4 min boşanma ola bilər.
Müqayisə üçün deyim ki, 2025-ci il ərzində 48 546 nikah qeydə alınıb, boşanmaların sayı isə 20 675 təşkil edib. 2024-cü ildə isə 49 508 nikah və 21 384 boşanma halı qeydə alınıb.
Boşanmaların sayının bu həddə çatması həyəcan təbili çalmaq üçün yetərlidir. Bu xəbərdarlıq ilk növbədə dövlət üçündür. Çünki evlilik qərarı yalnız fərdlər üçün deyil, dövlət üçün də mühüm qərarlardan biridir. Fərdlərin məsuliyyətli və ya məsuliyyətsiz, hətta bəzən zorakı şəkildə verdiyi bu qərarın nəticələrini ən ağır formada cəmiyyət və dövlət daşıyır.
Hər bir dövlət sağlam ailələrin qurulmasında və bu ailələrdə sağlam övladların yetişməsində maraqlıdır. Çünki ailə həm gələcək nəsillərin formalaşması, həm əmək bazarı üçün sağlam insan resurslarının yaranması, həm də dövlətin sosial davamlılığı baxımından mühüm amildir.
Subyektiv yanaşmam belədir ki, evlilik və boşanma statistikalarına baxmayaraq, dövlətin təəssüf ki, məsələyə həssaslıq arzu olunan səviyyədə deyil. Misal üçün, bizdə evlilik prosesində əsasən dövlətin müəyyən etdiyi yaş meyarı və “ASAN xidmət” vasitəsilə nikahdan əvvəl aparılan qan analizləri ilə kifayətlənilir.
Daha bəsit şəkildə desək, yaşın 18-dirsə və ciddi sağlamlıq problemin yoxdursa, evlənə bilərsən!
Halbuki boşanma səbəblərinin çoxluğuna və şaxəliliyinə baxdıqda görmək olur ki, bunun qarşısını bu iki bəsit meyarla almaq mümkün deyil. Ailə qurmaq kimi mühüm qərarın hazırlıq mərhələsi daha əhatəli olmalıdır.
Misal üçün, evlənmək üçün müraciət edən cütlüklərdən qan analizlərindən əlavə, ginekoloji, uroloji, narkoloji, genetik və s. tibbi müayinələrdən keçmək tələb olunmalı, yekunda kompleks sağlamlıq sənədi təqdim edilməlidir. Xüsusilə hər iki cinsin nəsilartırma problemi olub-olmaması, narkotik maddə, spirtli içki, tütün məhsullarından istifadə edib-etməməsi və əlbəttə, əvvəllər məhkum olub-olmamasının dəqiq əks olunduğu sənəd tələb edilməlidir.
Bundan başqa, nikaha hazırlaşan cütlüklər üçün müəyyən müddətli psixoloji məsləhət və terapiya proqramlarının tətbiqi məcburi olmalıdır. Yəni nikaha qədər minimum 1, maksimum 6 aylıq bir təkrar düşünmə vaxtı verilməli, bu müddət ərzində onlar psixoloqa yönləndirilməli, həm fərdi, həm də cüt terapiyalarına cəlb olunmaları məcburi olmalıdır. Bu proses çərçivəsində şəxslərin həm fərdi, həm də cütlük kimi psixoloji uyğunluğu qiymətləndirilə bilər.
Hesab edirəm ki, yalnız bu yoxlamalardan sonra ailə qurmaqla bağlı daha sağlam qərar verilə bilər. Belə bir yanaşma olsa, həm ailə institutunun daha məsuliyyətli əsaslar üzərində qurulması təmin edilər, həm sağlam və məsuliyyətli nəsil yetişər, həm də boşanmaların sayı azala bilər.
Prosesdən yayınmaq ya da qeyri-qanuni yollardan istifadə edib dövləti yanıltmaq istəyən şəxslərə ən sərt şəkildə cərimə tətbiq edilə bilər.
Ailə dövlətin təməlidir. Ailə yoxdursa, dövlət davamlılığı təhlükəyə düşür. Ailə deqradasiyasına izin vermək olmaz. Buna görə də məsuliyyətsiz evliliklərin qarşısı elə dövlət tərəfindən alınmalıdır. Globalinfo.az