Sosial şəbəkədə biz:

"Aktyor yoxdur" deyən rejissorlara Xalq artistlərindən sərt cavab

"Aktyor yoxdur" deyən rejissorlara Xalq artistlərindən sərt cavab
Xəbər Şəkli
26 September 2026, 10:56
Mədəniyyət

Son günlər sosial şəbəkələrdə aktyorlar da ağır ittihamlara məruz qalırlar. Bəzi rejissorlar teatrlarda “aktyor yoxdur” deyərək aktyorların ünvanına yersiz iradlar bildirirlər. Onların bu fikirləri teatrda can qoyan, rolları və sənəti ilə tanınan Xalq artistlərinin narazılığına səbəb olub.

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva Qaynarinfo-ya açıqlamasında sözügedən iradlarla razılaşmadığını bildirib:

"Bizə qalan tamaşaçıların alqışlarıdır. Əgər belə bir şey olsaydı, tamaşaçılar zalı tərk edib gedərdilər. Niyə sona kimi qalırlar? Onu deyən rejissorun başı işləmir. Savadsızdır, ömründə teatrın qapısını açmayıb. Bəziləri teatr haqqında fikir bildirir, amma teatrın yolunu tanımırlar. Bilmirlər teatrın qapısı haradandır, tamaşaçı haradan girib, haradan çıxır. Yeganə sənətdir ki, təmənnasız sənətə xidmət edir. Heç bir rüşvət almadan, təmənna güdmədən... Aktyor xalqdan heç nə gözləmir. Gözlədiyi bir şeydir, o da tamaşaçının alqışıdır. Aktyor teatrda, səhnədə canını qoyur. Bütün tozu udur ki, tamaşaçı ondan razı getsin. Bu hansı sənətdə var? Biz xalqa təmənnasız xidmət edirik".

Naibə Allahverdiyeva aktyorların cüzi əməkhaqqı almasını da xatırladıb:

"Onu deyən utansın. Gəlsin görsün aktyor necə yaşayır. Bir tamaşa üzərində aylarla məşq edir. Birinin qolu sınır, birinin başı dəyir. 20 ildir ayağımdan əziyyət çəkirəm. Bu sənət aktyora nə verir – maşın, yoxsa villa? Quru maaşa işləyirik. Belə sözlərlə aktyoru ruhdan salmaq olmaz. Aktyorun qəlbinə dəymək, onu təhqir etmək olmaz. Bir insan necə “aktyor yoxdur” sözünü deyə bilər? Bu sözü deyən ən tərbiyəsiz adamdır. Onun tərbiyəsi olsaydı, bu sözü deməzdi”.

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayev də həmin iradlara münasibət bildirib:

“Hörmətli rejissorların dilindən “aktyor yoxdur”, “teatrlar bərbad gündədir” və s. kimi ifadələr işlədilir. Fikrimcə, problemi yalnız “aktyor yoxdur” fikri ilə izah etmək düzgün deyil. Kadr hazırlığı, rejissor çatışmazlığı, dramaturgiya, menecer və tamaşaçı problemini də demək lazımdır. İstedadlı aktyorlar həmişə olub və bu gün də onları bütün teatrlarımızda görə bilirik. Amma gənc aktyorun yetişməsi üçün güclü məktəb, tələbkar rejissor, davamlı məşq mühiti və maraqlı repertuar olmalıdır”.

Yasin Qarayevin fikrincə, teatrlarda rejissor qıtlığı problemin əsas mənbələrindən biridir. Aktyor tamaşaçı ilə əlaqənin zəifləməsinə də diqqət çəkib:

“Tamaşaçılarla əlaqənin zəif olması da bir problemdir. Bu gün insanlar televiziya, internet və sosial şəbəkələrə daha çox vaxt ayırırlar. Teatr tamaşaçı ilə yeni ünsiyyət formaları tapmalıdır. Reklamın zəifliyi də təsirli problemlərdən biridir. Aktyor, rejissor, dramaturq və tamaşaçı arasında canlı əlaqə güclü olanda teatrlarda həmişə yüksəliş olub. Yaxın keçmişimizdə İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Anar, Elçin, İsi Məlikzadə, İsgəndər Coşqun, Əli Əmirli və s. gecə-gündüz teatrlarda olurdular. Bu gün teatrlarda peşəkar müəlliflərin azlığı da hiss olunur. Deyilənə görə, “teatr kollektiv sənətdir və burada şöhrət və pul deyil, sənətə xidmət əsasdır”. Di gəl ki, bu gün teatrlarda ruh zəifliyi mövcuddur. Lakin kifayət qədər aktyorlarımız var. Gəlin, teatrlarda olmayanları axtaraq”.