Dünən komandanın düşərgəsinə qoşulan yamaykalı hücumçu Bakı klubuna keçidindən danışıb. - “Keşlə”yə keçidin necə alındı? - Menecerim mənə belə bir klubdan təklif olduğunu söylədi. Oturub məsləhətləşdikdən sonra razılıq verdim. Dünən Bakıya gəlmişəm. Artıq yeni klubumla rəsmi müqavilə də imzalamışam. Müqaviləmin müddəti mövsümün sonuna qədərdir. - “Keşlə” ilə məşqə çıxmısan? - Hə, ilk məşqimi etmişəm. Amma sadəcə qaçışla kifayətlənmişəm. - Futbolçular səni necə qarşıladılar? - Çox yaxşı. Onlar məni gördüklərinə sevindilər. Hamısı mənimlə salamlaşıb-görüşdü. - “Keşlə” ilə bağlı ilkin təəssüratlarını bilmək maraqlı olardı... - “Keşlə”nin mehriban kollektivi var. Hamı bir-birilə dost kimi davranır. Yeri gəlmişkən, ilk dəfədir ki, Bakıda oluram. Çox gözəl şəhərdir. - Bura gəlməzdən əvvəl Azərbaycan Premyer Liqası barədə məlumatın var idi? - Hə, çempionatınız haqda müəyyən şeylər eşitmişdim. Bildiyimə görə, rəqabətli liqadır. - Bəs bizim komandalardan hansını tanıyırsan? - Yalnız “Qarabağ”ı. Onu da Çempionlar Liqasından. - Son olaraq Finlandiyada VPS klubunun formasını geyinmisən. Az öncə qeyd etdin ki, Azərbaycan çempionatı haqda məlumatın var. Bu iki ölkənin birinciliklərini necə müqayisə edərdin? - Düzdür, bura VPS klubundan gəlmişəm. Hər iki ölkə çempionatının özünəməxsus tərəfi, fərqli cəhətləri var. Finlandiyada fiziki, Azərbaycanda isə texnikalı futbola üstünlük verirlər. - Sənin kimi komandanın baş məşqçisi Yuri Maksimov da ölkəmizdə yenidir. Onunla söhbətiniz olub? - Yox, Azərbaycana yeni gəlmişəm. Ona görə də baş məşqçi ilə geniş danışmaq imkanım olmayıb. - “Keşlə” mövsümün birinci hissəsini çox pis keçirib. Bunun nəticəsidir ki, komanda hazırda aşağı sıralarda qərarlaşıb. Ümumiyyətlə, autsayder komandanın təklifini qəbul edərkən tərəddüd yaşadın? - Seçim edərkən komandanın mövqeyinə fikir vermirəm. Çünki çətinliklərlə üzləşməyi sevirəm. Bu isə o deməkdir ki, “Keşlə”ni hazırkı vəziyyətdən çıxarmaq üçün meydanda əlimdən gələnin ən yaxşısını edəcəm.