Əflatun Amaşov: “İstərdik ki, saytlarda çalışan yaradıcı əməkdaşlar ədəbi dil üzrə attestasiyadan keçsinlər”
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Report”a müsahibəsi:
- Hazırda gündəmdə olan məsələlərdən biri Azərbaycan dilindəki sözlərin bəzilərinin yazılışında dəyişiklik edilməsi ilə bağlıdır. Siz də Dövlət Dil Komissiyasının üzvüsünüz. Təklif edilən dəyişikliklərə münasibətiniz necədir?
- Dilin öz qanunları var. Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun və ayrı-ayrı qurumların rəhbərliyi bu barədə öz təkliflərini, fikirlərini söyləyirlər. Hətta, sosial şəbəkələrdə məsələ geniş müzakirə obyektinə çevrilir. Doğrudan da, mövcud sahədə müəyyən problemlər var. Əlbəttə, dil inkişaf edir və inkişaf etdikcə yeni terminlər, sözlər yaranır. Bunlardan qaçmaq olmaz. İndiki şəraitdə biz hər şeyə anlayışlı yanaşmalıyıq və müzakirə açıb fikirlərimizi izah etməyə çalışmalıyıq. Müzakirə kifayət qədər qızğın gedir. Nəinki bu sahədə olan mütəxəssislər, ümumiyyətlə, hamı diskussiyalarda iştirak etməkdə maraqlıdır. Çox təəssüf ki, qeyri-etik ifadələrə, mənasız ittihamlara da rast gəlinir.
- Dəyişikliklərlə razısız?
- Məsələyə kompleks yanaşmaq lazımdır. Biz daha çox sözün tarixiliyinə, ifadə formasına, dilə yatımlılığına fikir verməliyik. İndi birmənalı qaydada kiməsə irad tutmaq olmaz ki, nə üçün hansısa sözü necəsə ifadə etməyi təklif edir. Geniş müzakirələrdən sonra müəyyən qənaətə gəlmək olacaq. Əlbəttə, mən yeniliyin tərəfdarıyam.




