Seçki prosesi qızışır - iddiaçılar və imtinaçıların sayı artır
Azərbaycanda 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı namizəd olmaq üçün edilən müraciətlər, namizədliklərin təsdiq olunması və iddiaçılara imza vərəqələrinin verilməsi prosesi davam edir. Eyni zamanda seçkilərdə iştirak edib-etməməklə bağlı qərarsız qalan siyasi qurumlar var ki, artıq onlar da yekun qərarlarını verməkdədirlər.
Müsavat, Milli Şura, Ümid, REAL, ALP, GAP, ADR, NİDA, D18 kimi siyasi təşkilatların ardından fevralın 17-də KXCP də seçkilərdə iştirakdan imtina edib. Lakin seçkilərdə iştirakçı olanların sayının imtina edənlərdən çox olduğu da açıq görünür.
Müraciət müddətinin nə zamana qədər davam edəcəyi, artıq neçə nəfərin namizəd olması və digər məsələlərlə bağlı bəzi müəmmalar var ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimova müraciət etdik. O, məsələyə aydınlıq gətirdi: “Artıq 13 nəfər müraciət edib. Onlardan 12 nəfərin müraciəti təsdiq olunub və hər birinə imza vərəqələri verilib. İmzatoplama kampaniyası da start götürüb. Digər bir müraciətə isə, həftənin ilk günləri baxacağıq. Qeydiyyatla bağlı gələn ayın 12-nə qədər namizədlərə və namizəd olmaq istəyən şəxslərə verilmiş sənədlər Mərkəzi Seçki Komissiyasına qaytarılmalıdır.
Mikayıl Rəhimov: “Martın 11-nə kimi hər kəsin müraciət etmək hüququ var”
O vaxta qədər hər bir kəsin müraciət etmək hüququ var. Amma bu elə olmalıdır ki, bizim həmin şəxslərin sənədlərini yoxlamaq üçün vaxt olsun. Eyni zamanda onun da imza toplamaq üçün vaxt imkanları olsun. Yəni nəzəri baxımdan imza vərəqələri yaxın vaxtlarda verilib qurtarmalıdır. Martın 12-nə bir gün qalmışa qədər hər kəsin müraciət etmək hüququ var. Amma biz o müraciətdən sonra 5 gün ərzində baxıb həmin şəxsin müraciətini təsdiq etməliyik. Yəni elə olmalıdır ki, biz müraciəti təsdiq edəndə imzatoplama kampaniyasının mahiyyəti itməsin. Seçkilərlə bağlı biz təqvim planı təsdiq edib, mətbuatda dərc etmişik. Hamısı orada yazılıb. Martın 12-dən sonra MSK-ya sənəd qaytarmağın əhəmiyyəti yoxdur”.Əhəd Məmmədli: “İmzatoplama kampaniyasının öhdəsindən gəlib...”
Artıq imzatoplama kampaniyasına start verən AĞ Partiya başqanı Tural Abbaslının seçki qərargahının rəhbəri Əhəd Məmmədli bu mərhələnin uğurla getdiyini söylədi: “Artıq imza vərəqələrini götürmüşük və fevralın 17-dən etibarən imzatoplama kampaniyasına start vermişik. Bölgülərimizi aparmışıq, işlərimizin daha sürətli getməsi üçün ofis də tutmuşuq. Hələ ki bu mərhələnin uğurlu getdiyini deyə bilərik. Hər şeyi zaman göstərəcək. İmzatoplama kampaniyasının öhdəsindən gəlib, lazım olan imzaları toplayıb-toplamayacağımızı isə bu mərhələyə qoyulan müddətin sonunda biləcəyik. Bu kampaniyanın asan getdiyini demək çətindir. Bütün gücümüzü qoyub, sona qədər əlimizdən gələni edəcəyik”.