Sosial şəbəkədə biz:

Prezident komissiya yaratdı - Təqsirkarlar məsuliyyətə cəlb ediləcək

02 March 2018, 15:32
Gündəm
Prezident İlham Əliyev Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, sərəncamda bildirilir ki, baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın: Komissiyanın sədri Abid Şərifov ─ Azərbaycan Respublikası Baş nazirinin müavini Komissiyanın üzvləri: Azərbaycan Respublikasının daxili işlər naziri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Azərbaycan Respublikasının Baş prokuroru Azərbaycan Respublikasının səhiyyə naziri Azərbaycan Respublikasının maliyyə naziri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Bakı şəhər İcra Hakimiyyətinin başçısı Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək, hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etmək, yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etmək, Mərkəzin işçilərinin və müalicə alanların müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək, Mərkəzin yeni binasının tikintisi ilə bağlı işlərin tamamlanmasını qısa müddət ərzində təmin etmək, görülmüş işlər haqqında mütəmadi məlumat vermək tapşırılıb. Baş Prokurorluq Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirəcək.