TV-lər faciələr baş verəndə necə davranmalıdır? - ŞƏRH
Martın 2-də səhər saatlarında Bakının Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin korpusunda yanğın baş verdi. 2 saatdan çox davam edən yanğın nəticəsində 25 nəfər yanıb can verdi. Dəhşətli yanğınla bağlı ölkə başçısı İlham Əliyev və aidiyyəti qurumların rəhbərləri hadisə yerində olublar.
Baş verən faciə Azərbaycan xalqını sarsıtsa da, günorta saatlarınadək yerli televiziya kanallarında çal-çağırlı, əyləncəli proqramlar yayımlanıb. Bu da bir sıra mətbuat orqanlarında, sosial şəbəkələrdə haqlı olaraq tənqidlə qarşılanıb, televiziya kanalları qınaq obyektinə çevrilib.
Qeyd edək ki, bundan öncə də ölkəni sarsıdan hadisələr baş verən zaman yerli televiziya kanallarının məsələyə adekvat yanaşmadığının, ictimai rəyə biganəlik göstərdiyinin şahidi olmuşuq. Bəs ölkədə baş verən bu cür faciələr zamanı yerli televiziya kanallarında çal-çağırın davam etdirilməsi nə dərəcədə doğrudur? Bu, qanunla tənzimlənirmi?
Təvəkkül Dadaşov: “Rəsmi olaraq irad bildirməmişik, lakin burada mənəvi məsuliyyət var... “
Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Yeni Müsavat”a danışaraq məsələ ilə bağlı şərh bildirib: “MTRŞ rəsmi şəkildə ölkədə matəm elan olunanda, televiziya kanalları həmin gün qanunvericiliyi pozaraq əyləncəli veriliş və ya reklam yayımlayarsa ona qarşı müvafiq tədbir görə bilir. Lakin Narkoloji Dispanserdə baş verən yanğın faciəsi ilə bağlı ölkədə rəsmi olaraq matəm elan olunmayıb. Ona görə də qurum olaraq televiziya kanallarına rəsmi şəkildə iradımızı bildirməmişik. Amma burada bir mənəvi məsələ var. Yayımçılar ölkədə baş verən faciələrlə bağlı mənəvi məsuliyyətdən çıxış edərək proqramlarına dəyişiklik edə bilərlər. Günorta saatlarında isə efirlərdə hadisəyə adekvat şəkildə reaksiya verildi. Yəni, əyləncəli verilişlər demək olar ki, olmadı. Hətta radiolarda ritmik musiqilərdən uzaqlaşmağa, faciənin ruhuna uyğun musiqi verməyə çalışdılar. Yəni, bu hallar müşahidə edildi. Bir məsələni də qeyd edim ki, bəzən xəbər saytları və sairə yayımçılardan dərhal reaksiya gözləyir. Lakin proqramda dəyişiklik etmək, dərhal hadisəyə uyğun verilişlər vermək çətin məsələdir. Televiziya kanallarında çalışanlar bunu bilirlər. Buna görə də televiziya kanallarını həmən qınamaq doğru deyil. Amma məsələn, Neft Daşlarında baş verən məlum hadisəyə görə qurumumuz tele-kanallara öz iradını bildirdi. Artıq yayımçılar bu cür məsələlərdə adekvat reaksiya verməyi bilirlər”.
Qulu Məhərrəmli: “Bu qeyri-peşəkarlıq, həm də ictimai rəyə biganəlikdir”
Jurnalist, tele-tənqidçi Qulu Məhərrəmlinin sözlərinə görə bu cür hadisələrdə tele-kanallar bu cür olaylara dərhal reaksiya verməlidir: ”Bu faciədir baş verib, insanlar həlak olub. Heç kəs bu cür faciənin baş verməyini istəməzdi. Təbii ki, bu cür olayda televiziya kanallarının yayımladıqları proqramlara baxması lazım idi. Yəni, bunun üçün xüsusi bir göstərişə ehtiyac yoxdur. Bu bir təcrübə, vərdiş olmalıdır. Ölkədə ağır faciə baş veribsə, televiziya mütləq öz proqramlarına diqqət etməli, əyləncələri azaltmalıdır. Belə eləməklə televiziya kanalları heç nə itirmir, əksinə auditoriyanın rəğbətini qazanmış olur. Yoxsa məlum şit, bayağı musiqilərin yayımlanması və sairə doğru deyil. Çox təəssüf ki, televiziya kanalları bu dəsti-xətti heç cür formalaşdıra bilmir. Bu, yalnız təəssüf doğurur. Bu qeyri-peşəkarlıqla bağlıdır, həm də ictimai rəyə biganəlikdir. Düşünürəm ki, televiziyanı idarə edənlər bundan bir nəticə çıxarmalıdırlar. Bu cür olmaz. Kədər, dərd hər kəs üçündür. Hamı bu hadisədə özünü narahat hiss edir. Ölkə televiziyaları da bu hissi yaşamalıdır, həm də göstərməlidirlər. Bir verilişdə hansısa mənasız bir müğənninin mənasız ifasını verməmək olar. Bu cür hallar tamaşaçının televiziya kanallarına olan rəğbətini zədələyir”.