"24 il keçməsinə baxmayaraq, hələ də sığorta ödənişlərini ala bilmirəm" - MÜHARİBƏ VETERANI
Həmsöhbətimiz bir anlığa o anları pis yuxu kimi xatırlayır: "Həmin yol çox ensiz, bir tərəfi qayalıq, bir tərəfi isə uçurum idi. Oradan ancaq bir-birimizin ardınca gedə bilirdik. O yolda kimisi soyuğa, kimisi isə aclığa tap gətirməyərək şəhid oldu. Elə bir vəziyyət yaranmışdı ki, qardaş-qardaşına kömək edə biləcək halda deyildi. Qardaşının, əmioğlusunun və ya yaxın qohumlarının cəsədlərini orada qoyub gələnlər var idi. İstəsələr də, kömək edə bilmirdilər".
"Təxminən 10 gün gecə-gündüz yol getdik. O günlər ərzində biz yalnız qar ilə qidalandıq. Orda düşmən hiyləsinin qurbanları da az olmadı. Belə ki, bizim dilimizi bilən ermənilər hər hansı bir adı səsləyərək özlərinə tərəf çağırır və onları əsir götürürdülər. Artıq hər kəs özünü fikirləşir, həyatını qurtarmaq haqqında düşünürdü. Axırıncı günü necə yol getdiyimi xatırlamırdım. Yadımda qalan o idi ki, iki günü tək getdim və Gəncəyə çatanda artıq yıxılaraq özümdən getmişdim", — çətinliklə də olsa danışır müsahibimiz. O, özünə gələndə nə baş verdiyini və harada olduğunu anlamır. Özünə gələndə 1, 2 və 3-cü ayaq barmaqlarının kəsildiyini görür. Çünki şaxta dondurmuşdu və qanqren verə bilərdi. Həmçinin qurd düşdüyündən onun əl barmağını da kəsiblər. Orada tək o yox, çoxları şaxtanın qurbanı olub. Vüqar o ağrılı günlərin heç zaman unudulmayacağını bildirir.Həmsöhbətimiz bu gün müharibə veteranları üçün yaradılan şəraitə görə Ali Baş Komandan İlham Əliyevə təşəkkür edir: "Cənab prezidentimiz tərəfindən bizlərə hərtərəfli şərait yaradılıb. Ev, maşın verilib, hər ay aylıq məvacibimizi alırıq və ailəmizin məişət qayğılarımızı həll edə bilirik".
V.Mirzəyev, həmçinin bəzi məmurların onlara biganə münasibətlərini də vurğulayıb gileylənir: "24 il keçməsinə baxmayaraq, hələ də sığorta ödənişlərini ala bilmirəm. Bununla bağlı 2013-cü ildə Maliyyə Nazirliyinə ərizə ilə müraciət etdim. Lakin cavab məktubunda iddia müddətindən üç ildən artıq vaxt keçdiyinə görə, ödənişin qeyri-mümkünlüyünü bildirdilər. Bəs, mən yaralı olduğum bir dövrdə necə müraciət edə bilərdim?! Əgər mən müraciət etmədimsə, bəs siz niyə məni xəbərdar etmirdiniz və ya gətirib ödənişi etmədiniz?!" Buna baxmayaraq Vüqar nikbindir, tezliklə bu problemin də qısa zamanda həll olunacağına inanır.