20 gün əvvəl Şirvanda itkin düşmüş onkoloji xəstənin meyiti öz evindəki şkafda tapıldı
Ötən axşam Şirvan şəhərindəki kirayədə yaşadığı mənzildə meyiti tapılmış Ağsu şəhər sakini, 1962-ci ildə anadan olmuş Cəmaləddin Abdulhəmid oğlu Məmmədovun qəbul etdiyi narkotikin doza artıqlığından öldüyü ehtimal edilir.
Virtualaz.org saytının məlumatına görə C.Məmmədov ağır onkoloji xəstə olması ucbatından Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanasında müalicə alırmış.
Lakin o, bu ilin mart ayının 8-də müalicə mərkəzindən çıxdıqdan sonra itkin düşmüşdü. (Bu barədə virtualaz.org məlumat vermişdi.)
Mərhumun çürüməyə məruz qalmış meyitinin mənzilin girəcəyindəki şkafdan aşkar edilməsi onun mənzildə başqa şəxs (və ya şəxslərlə) birgə narkotik qəbul etməsi ehtimalını yaradıb.
Qeyd edək ki, C.Məmmədovla birgə həmin kirayə mənzildə yaşayan digər onkoloji xəstə 15 gün əvvəl narkotiklərin qanunsuz saxlanmasına görə həbs olunub.
Hazırda faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.