"Başıma gələn hər bir şeyi normal qəbul edirəm. Başıma gələn hər bir bəlada mən hikmət görmüşəm".
Bunu müğənni Fədayə Laçın "AStar tv" youtube layihəsinə müsahibəsində deyib.
2017-ci ildə həbs edilməsindən danışan müğənni bildirib: "Hamı deyir ki, kaş ki, eləməzdi. Mən də deyirəm kaş ki, olmazdı. Mən başıma gələn hər bir çətinlikdə, ziyanda bir xeyir görmüşəm. Mən o hadisədə, başıma bəla gələndə insanları tanıdım. Şad günümdə hamı mənlə olurdu, işığıma yığışırdı. Mənə qaranlığımdan qorxmayan insan lazımdır.
Bilirsiniz daha başqa cür olardı. O hadisələrdə mən də ölə bilərdim. Mən hər şeyə səbrlə yanaşıram. Aqressiv deyiləm, məni özümdən tez çıxarmaq asan deyil. Mən vəziyyətlə barışıram və düşünürəm".
Müğənni illər öncə tutduğu əməldən peşiman olduğunu bildirib: "Etməməli idim, etdim. Düşünmədən, istəmədən oldu. Söhbəti şişirdirlər. Bu mövzunu bağlayaq. Danışmaq istəmirəm" -, deyə müğənni həmin günləri yada salmaq istəməyib.
Xatırladaq ki, 2017-ci ildə Bakıda məhbusların qaçması ilə bağlı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müğənni Fədayə Laçın 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Onun cəzası Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 2 ilə endirilmişdi. 2019-cu ildə cəza müddəti başa çatan müğənni Bakı İstintaq Təcridxanasından azadlığa buraxılmışdı. Musavat. com